"Məlumatlar 6 ay saxlanılmalı və heşlənməlidir" - Avropa İttifaqından süni intellektlə bağlı TƏLƏB

 11:10 09.10.2026     62

“Bildiyiniz kimi, Avropa İttifaqının Süni İntellekt Aktı da müəyyən süni intellekt sistemlərindən istifadə edən tərəflər üçün məlumatların avtomatik qeydə alınması ilə bağlı öhdəliklər nəzərdə tutur. Bu qeydlər, ən azı, altı ay müddətində saxlanılmalıdır. İkinci məsələ qeydə alınmış məlumatların bütövlüyünün və həqiqiliyinin təmin edilməsidir. Sadəcə qeydləri saxlamaq kifayət deyil, onların dəyişdirilmədiyini sübut etmək də vacibdir. Bunun üçün hər bir qeyd heşlənməli, yəni ona unikal rəqəmsal iz verilməlidir”.

Redaktor.az xəbər verir ki, bunu “Süni intellekt, məlumatlar və rəqəmsal hüquqlar: eyni tendensiya, rəqəmsal hüquqi gələcəyi formalaşdıran fərqli yanaşmalar” mövzusunda keçirilən payız konfransında Kibertəhlükəsizlik və texnologiya hüququ üzrə ekspert, Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi, ADA Universitetinin Hüquq fakültəsinin müəllimi Orxan Əbdülkərimli dedi.

“Eyni zamanda, qeydlərin sistemdə necə saxlanıldığını və ötürüldüyünü izləməyə imkan verən məlumatların saxlanma və ötürülmə zənciri (chain of custody) qorunmalıdır.

Sistem yalnız əlavə etmə rejimində işləməlidir. Bu o deməkdir ki, mövcud qeydlər sonradan dəyişdirilə və ya üzərinə yazıla bilməz. Eyni qeydlərin təkrarən əlavə edilməsi də nəzarətdə saxlanılmalıdır. Üçüncü məsələ isə səlahiyyətlərin ayrılması və ayrıca nəzarət mexanizminin yaradılmasıdır. 

Məsələn, mən hüquqşünasam və süni intellekt sistemi ilə qarşılıqlı əlaqəm, eləcə də daxil etdiyim məlumatlar hadisə qeydləri (event logs) kimi sistemdə saxlanılır. Mənim həmin qeydləri dəyişdirmək və ya silmək üçün inzibati idarəetmə panelinə çıxışım olmamalıdır.

Beləliklə, adi istifadəçi ilə sistem administratorunun səlahiyyətləri bir-birindən ayrılmalıdır. Bu, hüquqşünasların süni intellekt sistemi ilə qarşılıqlı əlaqələrinin şəffaflığını, izlənilə bilməsini və qeydlərin etibarlılığını təmin etmək üçün vacib texniki yanaşmadır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən