"Süni intellekt mürəkkəb olsa da, onun hüquqi tənzimlənməsi tamamilə mümkündür" - Təbriz Cəfərov
“Süni intellekt anlayışını internetdən ayrı düşünmək mümkün deyil, çünki o, mahiyyət etibarilə internetin yaratdığı və onun imkanlarından istifadə edən bir alətdir. İnternet ilk dəfə gündəmə gələndə də bir çoxları onun tənzimlənməsinin mümkünsüz olduğunu iddia edirdi. Lakin dövlətlər qısa müddət ərzində hərəkətə keçərək bu sahədə hüquqi çərçivələr formalaşdırdılar. “Licra v. Yahoo!” işi bunun əyani sübutlarından biridir. Bu təcrübə göstərir ki, süni intellekt daha mürəkkəb və çoxşaxəli sahə olsa da, onun tənzimlənməsi tamamilə mümkünsüz deyil”.
Redaktor.az xəbər verir ki, bu sözləri “EYBA-nın 2026-cı il Payız Konfransı”nda ADA Universitetinin Hüquq fakültəsinin dosenti Təbriz Cəfərov dedi.
“Süni intellekt birbaşa müxtəlif subyektlərin maraqları ilə bağlıdır və hazırda dövlətlər tərəfindən ciddi şəkildə dəstəklənir. Məsələn, ABŞ-nin süni intellektlə bağlı milli fəaliyyət planına nəzər salsaq, əsas məqsədlərdən birinin bu sahədə qlobal rəqabətdə liderliyi ələ keçirmək olduğunu görə bilərik. Bu yarışda ABŞ-nin əsas rəqibi isə Çindir. Bu mənzərə süni intellektin böyük güclər üçün öz mövqelərini qorumaq və geosiyasi üstünlüklərini möhkəmləndirmək vasitəsinə çevrildiyini açıq şəkildə göstərir”.
Aytəkin TOFİQQIZI













