"İnternetdən istifadə etməyən insan üçün belə..." - Dosentdən süni intellektlə bağlı AÇIQLAMA
“Belə bir şəraitdə ən doğru yanaşma internet üzərində dövlət suverenliyinin və ədalətli tənzimləmə prinsipinin qorunmasıdır”.
Redaktor.az xəbər verir ki, bunu “EYBA-nın 2026-cı il Payız Konfransı”nda ADA Universitetinin Hüquq fakültəsinin dosenti Təbriz Cəfərov bildirdi.
“Bu proses yalnız ABŞ və ya Çinin maraqlarına deyil, bütün tərəflərin bərabərliyinə və ümumi təhlükəsizliyə xidmət etməlidir. Əks halda, dövlətlərarası rəqabətin ciddi toqquşmalara və hətta münaqişələrə gətirib çıxarma riski mövcuddur.
Bu baxımdan əsas məqsəd süni intellektdən təhlükəli və dağıdıcı məqsədlərlə istifadə edilməsinin qarşısını almaq olmalıdır. Vaxtilə Con Barlou internetin dövlət suverenliyinin sonunu gətirəcəyini iddia edirdi. Lakin bu proqnoz reallaşmadı. Eyni şəkildə, süni intellekt sülhsevər və məsuliyyətli məqsədlər üçün istifadə edildiyi təqdirdə nə dövlətçiliyin, nə də bəşəriyyətin sonunu gətirəcək.
Hətta internetdən heç vaxt istifadə etməyən sıravi bir insan üçün belə süni intellekt özlüyündə bir təhlükə yaratmır. Unutmaq olmaz ki, süni intellekt kod yaza bilsə də, həmin kodu ilk yazan insandır. Buna görə də süni intellekt müəyyən mənada onu yaradan ilkin koda, daha geniş mənada isə insan iradəsinə bağlıdır”.
Aytəkin TOFİQQIZI













