"Adınızı və FİN kodunuzu silsələr də..." - İnsan hüquqları ekspertindən XƏBƏRDARLIQ
“Anonimləşdirmə artıq məxfiliyin mütləq təminatı kimi qəbul edilməməlidir. Süni intellektin getdikcə daha güclənməsi ilə böyük məlumat bazalarını bəzən digər məlumatlarla birləşdirərək, adlar və şəxsiyyət vəsiqələrinin nömrələri kimi birbaşa identifikasiya vasitələri silinsə belə, şəxsləri yenidən müəyyənləşdirmək mümkündür”.
Redaktor.az xəbər verir ki, bunu "EYBA-nın 2026-cı il Payız Konfransı”nda Bahçeşehir Universitetinin Hüquq fakültəsinin dosenti, beynəlxalq insan hüquqları hüququ üzrə ekspert Nəcibə Mustafayeva bildirdi.
Ekspert nümunə olaraq qeyd etdi ki, xəstəxana pasiyentlərin qeydlərindən adları silə bilər:
“Lakin məlumat bazasında yaş, nadir xəstəliklər, yaşayış yeri və müalicə tarixləri göstərilərsə, süni intellekt bu detalları digər məlumat bazaları ilə tutuşduraraq şəxsin kimliyini müəyyən edə bilər”.
O vurğuladı ki, adlar göstərilməsə belə, şəxsin smartfon vasitəsilə qeydə alınan hərəkət marşrutu olduqca fərdi ola bilər. Həmin şəxsin müntəzəm olaraq müəyyən ev və iş yeri arasında hərəkət etdiyini bilmək onun yenidən identifikasiyasına imkan verə bilər.
“COVID-19 pandemiyası zamanı hökumətlər misli görünməmiş həcmdə şəxsi məlumatlar toplayırdılar. Bunlara mobil telefonların məkan məlumatları, GPS və Bluetooth məlumatları, COVID-19 testlərinin nəticələri və tibbi qeydlər, səyahət və karantin məlumatları, sifətin tanınması texnologiyaları və rəqəmsal təmasların izlənməsi tətbiqləri daxil idi.
Məsələn, Cənubi Koreyada səlahiyyətli orqanlar virusa yoluxmuş şəxslərin hərəkətləri barədə ətraflı məlumatlar dərc edirdilər. Bu, təkcə məxfilik hüququ ilə bağlı deyil, həm də tibbi sirrin qorunması və insanların damğalanması baxımından narahatlıqlar yaradırdı. COVID-19 pandemiyası iki qanuni maraq arasında ziddiyyət yaratdı: Sağlamlıq hüququ, məxfilik və fərdi məlumatların qorunması hüququ. Lakin hüquqi baxımdan bu, mütləq şəkildə sağlamlıq və ya məxfilik arasında seçim etmək demək deyil.
İnsan hüquqlarına əsaslanan yanaşma belə bir sual qoyur: İctimai sağlamlığı qoruyarkən minimum zəruri məlumatları toplamaqla və fərdi hüquqları ən az məhdudlaşdıran tədbirləri tətbiq etməklə buna nail olmaq mümkündürmü? Bu, mütənasiblik və məlumatların minimumlaşdırılması prinsiplərinin mahiyyətidir.
Buna görə də beynəlxalq hüquq “anonim” məlumat anlayışına risklərə əsaslanan və texnologiyadan asılı olmayan yanaşma tətbiq etməlidir. Bu gün anonim hesab edilən məlumatlar gələcəkdə artıq anonim olmaya bilər”.
Aytəkin TOFİQQIZI













