"Bu, yeni insan hüququ deyil, məxfiliyin yeni inkişaf mərhələsidir" - Beynəlxalq ekspert

 15:13 09.10.2026     74

“İnsan özünə bu sualları vermək hüququna malik olmalıdır: Mənim şəxsi məlumatlarım bu süni intellektin təlimində istifadə edilibmi? Hansı məqsədlə istifadə olunub? Bunun hüquqi əsası nədir? Hansı hüquqi müdafiə vasitələrindən istifadə edə bilərəm?”.

Redaktor.az xəbər verir ki, bu sözləri  “EYBA-nın 2026-cı il Payız Konfransı”nda  Bahçeşehir Universitetinin Hüquq fakültəsinin dosenti, beynəlxalq insan hüquqları hüququ üzrə ekspert Nəcibə Mustafayeva bildirdi.

“Mövcud insan hüquqları və məlumatların qorunması çərçivələrində bu hüququn müəyyən elementləri artıq mövcuddur. Məsələn, Avropa İttifaqının 2016/679 nömrəli Ümumi Məlumatların Qorunması Qaydasına (GDPR) əsasən, şəxslərin öz fərdi məlumatlarına çıxış hüququ, eləcə də müəyyən hallarda həmin məlumatların silinməsini tələb etmək hüququ var.
Avropa İttifaqı Ədalət Məhkəməsi də avtomatlaşdırılmış qərarların qəbul edilməsinə məruz qalan şəxslərin fərdi məlumatlarından necə istifadə edildiyi barədə əhəmiyyətli məlumatlarla təmin olunmasının vacibliyini vurğulayıb.

Buna görə də mən bunu tamamilə yeni insan hüququ adlandırmazdım. Daha doğrusu, bunu süni intellekt reallığına uyğunlaşdırılmış məxfilik və fərdi məlumatların qorunması hüququnun növbəti inkişaf mərhələsi kimi qiymətləndirərdim”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən