"Məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi Azərbaycan dövlətinin varlığına qarşısan!" - Rəşad Məcid

 11:43 11.10.2026     149

Orta məktəblərdə vahid məktəbli geyiminin tətbiqi ilə bağlı müzakirələr fonunda bəzi dairələrin nümayiş etdirdiyi mövqe cəmiyyətdə ciddi narahatlıq doğurur.

Məsələ ilə bağlı Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid Redaktor.az-a açıqlama verib.

O bildirib ki, ölkədə hicaba hər hansı qadağa yoxdur və orta məktəblərə aid olan vahid geyim tərzi qərarının belə mütəşəkkil reaksiya ilə qarşılanması şübhələr yaradır:

“Dünyəvi təhsilə, sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidin əlamətləri açıq görünür. Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür. Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan! Bu, birmənalıdır!”

Rəşad Məcid maarifçilik irsinə və dinin idarəetmədə dominant olduğu ölkələrin təcrübəsinə diqqət çəkərək əlavə edib:

“Bizim maarifpərvər ziyalılarımız cəhalətə və xurafata qarşı buna görəmi mübarizə aparmışdılar? Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü? Bir qrup insan din pərdəsi altında öz iradə və iddialarını yeritməyə çalışırsa, bu, gələcək təhlükələrin aşkar əlamətidir”.

Açıqlamasının sonunda MŞ sədri ziyalıları və aydın düşüncəli insanları mövqe bildirməyə çağırıb:

“Dünyəvi dövlət tərəfdarları, aydın düşüncəyə malik, ziyalı insanlar sabahımız naminə daha fəal olmalı, müzakirələrə qoşulub qəti mövqe, tutarlı münasibət bildirməlidirlər”.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən