“Dinimizə hörmətimiz var, amma məktəbdə uşaqlar bərabər görünməlidir” - Firəngiz Mütəllimova
Xalq artisti, sevilən aktrisa Firəngiz Mütəllimova orta məktəblərdə vahid geyim tərzi və məktəbli forması ilə bağlı gedən müzakirələrə münasibət bildirib.
Aktrisa Redaktor.az-a açıqlamasında məktəblərdə vahid formanın tətbiq olunmasını müsbət qiymətləndirdiyini və dəyərləndirdiyini vurğulayıb:
“Özümüzü fikirləşirəm, o vaxt biz də oxuyanda hamı məktəbli formasında geyinirdi. Fartuq taxırdıq, hamı eyni olurdu. Məktəb üçün mən bunu qiymətləndirirəm, dəyərləndirirəm. Yəni, düz eləyirlər”.
Firəngiz Mütəllimova dinə və müqəddəs dəyərlərə hörmətin hər zaman var olduğunu, lakin məktəb mühitində bərabərliyin qorunmasının vacibliyini qeyd edib:
“Biz İslam demokratik respublikasında yaşamırıq, amma bizim dinimiz İslamdır. Hamımız dinimizə hörmətlə yanaşırıq, Allahımıza dua eləyirik, Allaha inanırıq. Bunun hamı şahididir - bir müqəddəs yerə gedəndə, əlimizə Quran alanda, dua eləyəndə başımızı bağlayırıq. Yəni, məncə, məktəb qurtarsın, məktəbdən sonra kim nə istəyir eləsin. Məktəbdə isə uşaqlar eyni olmalıdır”.
Aminə ŞAHSUVARQIZI













