"Mən səhnədə geyim mədəniyyətini necə qoruyuramsa, məktəbdə də geyim mədəniyyəti qorunmalıdır" - Gülyanaq Məmmədova
"Məktəbli geyimi önəmlidir, geyim mədəniyyətini qorumalıyıq. Yadıma gəlir, bizim dövrümüzdə necə gözəl geyimlər var idi. Bilmirəm, neçə yaşınız var. Biz ağ köynək, qara ətək geyinirdik. Hamı eyni cür geyinirdi".
Bu sözləri Redaktor.az-a açıqlamasında Xalq artisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Gülyanaq Məmmədova bildirdi.
"İndi də məktəblərin və dövlətimizin dəstəklədiyi qərara uyğun geyimlər var. Hamı eyni cür geyinir, valideyn də seçim qarşısında qalmır, rahat olur. Şagirdlər bir-birinə baxıb “bu ucuzdur, bu bahalıdır” söhbətləri etmirlər. Hamı eyni geyimdə olur və hər kəsə eyni gözlə baxılır. Bunları dəstəkləyirəm. Mən səhnədə geyim mədəniyyətini necə qoruyuramsa, məktəbdə də geyim mədəniyyəti qorunmalıdır. Dövlətimiz və nazirimiz nə qərar verirsə, mən onların yanındayam. Şagirdlərin, tələbələrin və müəllimlərin geyimi də önəmlidir. Müəllim də 30 şagirdin qarşısına çıxır. Fikir verirsinizsə, müəllimlər də gözəl kostyumlar geyinirlər. Əlbəttə ki, biz müəllimlərin vasitəsilə şagirdlər, gələcək nəsil yetişdiririk. Milli-mənəvi dəyərlərimizi və mentalitetimizi qorumaq bizim borcumuzdur. Hərtərəfli şəxsiyyət və Azərbaycan vətəndaşı yetişdirmək baxımından bu məsələlər vacibdir. Ona görə də dövlətimizin yanındayıq", - deyə Xalq artisti yekunlaşdırdı.
Xədicə BAXIŞLI













