“Hətta istərdim ki, müəllimlərin də xüsusi geyimləri olsun” - Aşıq Samirə

 15:25 11.10.2026     177

Məktəblərdə vahid geyim tərzi və şagirdlərin görünüşü ilə bağlı davam edən müzakirələrə Əməkdar mədəniyyət işçisi, pedaqoq Aşıq Samirə Əliyeva da münasibət bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında sənətçi həm bir valideyn, həm də pedaqoq olaraq məktəblərdə uniforma tətbiqini tam dəstəklədiyini diqqətə çatdırdı:

"Şagirdlərin hamısı eyni geyinməlidir, bu mütləqdir. Hətta mən istərdim ki, müəllimlərin də xüsusi geyimləri olsun. Çünki biz özümüz də elə böyümüşük. Şagirdin fikri birbaşa təhsilə yönəlməlidir. Geyim fərqliliyi uşaqların diqqətini yayındırır, kasıb-zəngin məsələlərini üzə çıxarır. Məktəbdə tərbiyəvi baxımdan müəyyən çərçivələr, sərhədlər olmalıdır. Şagird bu qaydalarla öyrənir ki, məktəbə necə gəlmək lazımdır".

Aşıq Samirə vurğuladı ki, vahid geyim sistemi maddi baxımdan da valideynlər üçün böyük rahatlıqdır:

"Bu geyim eyniliyi valideynlərə də çox rahatdır. Maddiyat baxımından götürsək, bir neçə geyim almaqdansa, konkret uniforma olur. Mən də valideynəm, bunu özüm də yaşayıram. İstər qız, istər oğul övladı olsun, arxayın olursan ki, uşağın konkret bir geyimi var və hər şey əndazəsindədir. Xüsusən yeniyetməlik dövründə şagirdlərdə fikir dağınıqlığı olmamalıdır. Bəzən küçələrdə görürük, məktəbli uşaqlar makiyaj edir, dırnaq boyasından istifadə edirlər. Bizim evdə də, oxuduğumuz məktəbdə də bunlara icazə verilmirdi. Bütün bunlar şagirdin fikrini təhsildən yayındırır. Vahid geyim qaydası onların təhsilinə həqiqətən böyük dəstəkdir".

Pedaqoq bu qaydaların dünya təcrübəsində də geniş tətbiq olunduğunu və gələcək nəslin tərbiyəsində mühüm rol oynadığını qeyd etdi:

"Bu, tək Azərbaycan üçün deyil, bütün dünyada belə qəbul olunur. 80-ci illərdə də bu normal qayda idi. Bəzən bunlara xırda şey kimi baxırlar ki, əsas təhsilə önəm versinlər. Bəs təhsilin keyfiyyətinə təsir edən amillərdən biri də elə budur. Dünyəvi məktəblərə baxanda görürük ki, onlarda da xüsusi uniformalar var. Biz milli dəyərlərimizə, keçmişimizə necə üstünlük veririksə, gələcəyimizə də o cür önəm verməliyik. Gələcək nəsillərimizi belə qaydalarla həm tərbiyəvi, həm də təhsillə faydalı böyütməliyik. Əlbəttə ki, bu məsələdə məktəblə valideyn qarşılıqlı əlaqədə olmalıdır, hər şeyi yalnız tədris ocağının üzərinə atmaq düzgün deyil".

Müəllimlərin də şagirdlər üçün örnək olduğunu xatırladan sənətçi fikirlərini belə yekunlaşdırdı:

"Bizim dövrümüzdə müəllimlərimiz bizə örnək olub. Müəllim elə geyimdə olmalıdır ki, şagirdlərin tənəffüsdə və ya sinifdə müzakirəsi onun görünüşü, makiyajı, al-əlvan geyimi olmasın. Şagirdlərin əsas müzakirə mövzusu dərsləri olmalıdır".

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən