"Uşaq bilməlidir ki, məktəbə gedir, forma çox lazımdır" - Təranə Muradova

 17:30 11.10.2026     309

Məktəblərdə vahid geyim forması və şagirdlərin görünüşü ilə bağlı müzakirələrə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova münasibət bildirib.

Prorektor Redaktor.az-a bildirdi ki, bəzi insanlar məktəbli geyimi ilə bağlı qərarı düzgün formada başa düşmürlər:

“İllərdir Bakı Xoreoqrafiya Akademiyasında işləyirəm. Nəvələrimin biri 6 nömrəli məktəbdə, digəri isə xoreoqrafiyada oxuyur. Hər məktəbin öz forması olmalıdır. Sovet dövründə də məktəblərdə geyim formamız eyni idi. Ağ köynək, tünd şalvar və tünd ətək geyinirdik. Bu səbəbdən bugünkü uşaqlar da tərbiyənin nə demək olduğunu hiss etsinlər deyə, hər məktəbin forması olmalıdır. Bu, düzgün yanaşmadır. Uşaq bilməlidir ki, məktəbə gedir. Eşitmişəm ki, çoxları müzakirə edir ki, kimlərsə başını açıq, kimlərsə isə bağlı saxlayır”.

Müsahibimiz diqqətə çatdırdı ki, biz çox sərbəst və gözəl ölkədə yaşayırıq:

“Hər cür şəraitimiz var. İnsan öz həyatını necə seçirsə, elə də yaşayır. Heç kəs heç kəsi qınaya bilməz. Mən özüm Allaha inanan insanam. Ümid edirəm ki, bu sözləri şişirdərək danışırlar. Sərbəst ölkədə yaşayırıq, kim istəyir, başı açıq, kim istəyir, başı bağlı gəzir. Amma sadəcə, öz mentalitetimizi itirməyək. Biz müsəlman ölkəsiyik və adət-ənənələrimiz var. Buna görə bu məsələ müzakirə mövzusuna çevrilməməlidir. Biz müəllimlər, böyüklər, analar və atalar baxmalıyıq ki, balalarımızın gələcəyi və tərbiyəsi olsun".

Təranə Muradova qeyd etdi ki, Azərbaycanda hər kəs öz yolunu sərbəst seçir, necə istəyirsə, elə də geyinir:

"Bəzi məqamlarda gənclərə deyirdim ki, səliqəli geyinməliyik. Yenə də deyirəm, müsəlman ölkəsiyik, balalarımız mentalitetimizə uyğun böyüməlidir. Qədim adət-ənənələrimiz var. Bütün bunlara baxmayaraq, müasir ölkədə yaşayırıq. Baxın, hörmətli prezidentimiz bizim üçün necə şərait yaradıb. Hər yerdə şərait gözəldir. Teatrlarımız, kinolarımız və bir çox başqa imkanlarımız var. Elə ölkələr var ki, orada belə sakit həyat yoxdur, biz isə necə rahat yaşayırıq. Nəyimiz çatmır? Biz gələcək nəslə tərbiyə verməliyik ki, adət-ənənələrimizi itirməsinlər. Forma çox lazımdır. Bu, səliqə və tərbiyədir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən