Xalq artisti məktəbli forması qərarını dəstəklədi: “Bu, çox vacib məsələdir”

 18:10 11.10.2026     254

Məktəblərdə vahid geyim tərzi, təhsilin dünyəviliyi və Nazirlər Kabinetinin müvafiq qərarı ilə bağlı gedən müzakirələrə Xalq artisti Rafiq Əzimov da münasibətini bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan görkəmli aktyor məktəbli formasının tətbiq olunmasını vacib addım kimi qiymətləndirib:

“Bu barədə fikrim belədir ki, Vüqar İmanovun da münasibətini oxudum, çox doğru-düzgün yanaşmadır. Mən efirdə Orta Asiyadakı uşaqların – qızların və oğlanların – formalarını gördükdə düşündüm ki, biz bəlkə də gecikmişik. Məktəblilərin Azərbaycan millətinə uyğun, dəqiq bir formada dərsə gəlməsi çox vacib məsələlərdən biridir. Çünki indi şəhərə çıxanda özünüz də görürsünüz ki, açıq-saçıqlıq günü-gündən insanlarda ikrah hissi yaradır. Ona görə də bu vacib məsələni tezliklə həll etmək lazımdır”.

Xalq artisti keçmiş dövrdəki məktəbli formalarının intizam yaratdığını xatırladıb:

“SSRİ vaxtında oğlanların da, qızların da formaları çox gözəl, çox münasib idi: qara şalvar, ağ köynək, hətta qırmızı qalstukumuz da var idi. Qızların da elə gözəl formaları vardı ki, küçədə onları görəndə bilirdik ki, bunlar məktəblidir. Amma indi hamısı qarışıb bir-birinə. Bilmək olmur ki, bu tələbədir, yoxsa məktəblidir”.

Rafiq Əzimov Nazirlər Kabinetinin qərarını tam dəstəklədiyini bildirərək fikirlərini belə yekunlaşdırıb:

“Ona görə də Nazirlər Kabinetinin bu vacib qərarını dəstəkləyirəm. Tez bir zamanda bu məsələ həllini tapsa, inanın ki, Bakımız daha da gözəlləşər. O uşaqları həmin formada gördükdə istər valideynləri, istər ailələri, istərsə də özləri çox sevinərlər ki, məktəbli dövrünü öz gözəl geyimləri ilə yaşayırlar”.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən