“Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
"Çox yaxşı, çox gözəl fikirdir. Məktəblərdə eyni formanın olması yaxşıdır ki, heç kim bir-birindən seçilmir. Bizim dövrümüzdə də yeganə bir geyim var idi ki, bütün şagirdlər onu geyinirdi. Oğlanlar ağ köynək-kostyum, qızlar isə don və döşlük geyinərdilər. Çox da gözəl idi, heç kim bir-birindən fərqlənmirdi".
Bu barədə Redaktor.az-a açıqlamasında Xalq artisti, xanəndə Nəzakət Teymurova bildirdi.
Xalq artisti indiki gənclərin görünüşündəki bəzi neqativ məqamlara diqqət çəkərək, Nazirlər Kabinetinin qərarının yerində olduğunu vurğuladı:
"İndiki dövrdə gənc uşaqlarımız bir az müasirliyə uyublar. Bunu özüm də neçə dəfələrlə görmüşəm - geyimləri çox qısa olur. Hətta məktəbli qızlar makiyaj edirlər, uzun dırnaq qoyurlar. Bunlar şagirdə xas olmayan şeylərdir. Məktəb dövründə hamı sadə olmalıdır. İnşallah gələcəkdə ali məktəbə girərlər, müstəqil olarlar, onda bu şeylər özlərinə yaraşar. Amma orta məktəb üçün yaxşı ki, o qərar verilib. Mənə elə gəlir ki, bu, çox yaxşı bir addımdır".
Aminə ŞAHSUVARQIZI













