“İran Azərbaycanda təxribat yaratmaq istəyir” - Fazil Mustafadan XƏBƏRDARLIQ
"İranın Azərbaycanın daxili işlərinə müdaxiləsinin arxasında İranın dövlət mənafeləri və ideoloji mənafeləri dayanır. İran siyasi bir məzhəb dövlətidir və bu, ideologiyasını yaymağı təkcə Azərbaycan üzərindən etmir ki, Türkiyəyə də bu günləri müəyyən problemlər yaratmağa çalışır, ya Səudiyyə Ərəbistanına da, bütün ölkələrə qarşı, elə Rusiyanın özündə də İran bu siyasəti davam etdirir. Bu, bir Sovet totalitar sistemində olduğu kimi, İran bir totalitar ideoloji mənbə kimi özünü görür və bunu da ixrac eləmək yolunda müəyyən addımlar atır, proksi qüvvələr yaradır Livanda, başqa yerlərdə, Fələstində. Belə bir vəziyyətdə bu ölkənin bilavasitə yalnız bizə qarşı deyil, digər ölkələrə qarşı da məqsədinin əsas hədəfidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa səsləndirdi.
Onun sözlərinə görə, İran Azərbaycanda müəyyən qurumlardan, müəyyən televiziya məkanından, media məkanından əlverişli seqment əldə etdiyinə görə və müəyyən əhali kateqoriyasından din üzərindən, cəhalət üzərindən müəyyən prosesləri həyata keçirmək üçün əlverişli imkan tapdığına görə bunu edir:
"İndi siz elə bunun müəyyən dərəcədə nə qədər təhlükəli bir mərhələyə gəlib çıxdığını Gürcüstandakı azərbaycanlılar arasında yayılan bu ideologiyanın vəziyyətində görə bilərsiniz. Eyni zamanda Azərbaycanın ayrı-ayrı bölgələrində bu vəziyyəti görə bilərsiniz. Ona görə də bu məsələ bizim də dövlət təhlükəsizliyimizin doğru bir qarşılıq qoyması nəticəsində müəyyən dərəcədə önlənə bilər.
İranın bu siyasəti, əslində, Azərbaycanın içində həll edilməli olan məsələdir. Siz diqqət edirsinizsə, illərdir bu məsələ ilə bağlı biz təhlükənin istiqamətlərini göstəririk. Buna görə fiziki müəyyən məhvetmə hədəfinə də çevrildik. Maraqlıdır ki, məsələn, hələ də biz bu Azərbaycan daxilində məhz İran ideologiyasını yayan qüvvələrin qarşısına hansısa bir şəkildə nəinki lazımi səviyyədə ala bildik, həm də onlara daha çox bir çox məqamlarda yaşıl işıq yandırılmış oldu. Yəni ona görə də bu məsələ bizim özümüzə aid olan problemi çözməkdən başlayır. Hər hansı ölkə Azərbaycana qarşı pis niyyət daşıya bilər. Bu, şimalda da ola bilər, cənubda da ola bilər. Bizim düzgün siyasi və təhlükəsizlik modelimiz qurulmalıdır ki, biz bunun qarşısını ala bilək. Yəni hansı ölkə bir televiziya açıb bizdə təxribat yaratmaq istəyir. Biz bunu əhalimizlə özümüz ayrıca formada işləməliyik, problemləri görməliyik".
Millət vəkili vurğuladı ki, hansısa addım atanda dərhal bu elementlər hərəkətə gəlirlər:
"Səbəbi nədir, niyə rahat hərəkətə gələ bilirlər? Çünki infrastrukturunu bir çox hallarda yarada bilmirik. İdeoloji infrastruktur yoxdur, sosial şəbəkədə bu infrastruktur yoxdur. Ayrı-ayrı 5-10 ziyalının, 5-10 siyasətçinin səyləri ilə bunu həyata keçirmək mümkün deyil. Onlar da özləri də hədəfə çevrilirlər, bir çox hallarda özlərini qoruya bilmirlər.
Ona görə də biz bir çox məqamlarda həm də cəhaləti Azərbaycanda təbliğ edən mexanizmləri ortadan qaldırmalıyıq. Bəzən dövlət adına bu cəhalətin təbliğ olunmasına ayrı-ayrı məmurlar rəvac verirlər. Buna yol vermək olmaz. Yəni İran zihniyyətinin, irançılıq düşüncəsinin hətta elmi müəssisələrə, hətta birinin tarix şüurumuzda belə yer almasına qarşı çağırışlara çox zaman müqavimət göstərənləri siz görürsünüz. Elə sosial şəbəkədə izləyin. Bizim bu fikirlərə qarşı çıxan guya Azərbaycan vətəndaşları, guya ziyalı, guya bir akademik qara güruhun təmsilçiləri, siz baxın görün, bunlar əslində irançılığın hansısa bir şəkildə Azərbaycanda dayaqlarıdır. Ona görə də bu məsələdə, mənə görə, biz daxildə bu məsələnin müəyyən infrastrukturunu hazırlamalıyıq ki, oradan gələn zərərli tozcuqlar öz-özlüyündən məhv olub getsinlər və Azərbaycan insanının vücuduna düşüb xərçəng yaratmasınlar".
Aytəkin TOFİQQIZI













