"Məktəblilərin başına süni intellektlə hicab örtüb saytlara yayırlar, bu, xaricdən idarə olunan təxribatdır" - Hacı İsmayılov
Məktəblərdə vahid geyim tərzi, təhsilin dünyəviliyi və hicab ətrafında yaradılan müzakirələrə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov da kəskin münasibət bildirib.
Məsələ ilə bağlı Redaktor.az-a geniş açıqlama verən sənətkar baş verənlərin arxasında xarici qüvvələrin və təxribatçı dairələrin dayandığını diqqətə çatdırıb:
"Son vaxtlar məktəbli forması və hicabla bağlı yayılan söz-söhbətlər heç də ürəkaçan deyil. Azərbaycan dünyəvi, müstəqil, demokratik dövlətdir və bu dövlətin öz qayda-qanunları, mənəvi-əxlaqi dəyərləri var. Bu məsələnin ortaya çıxmasına səbəb inkişafımızı, 44 günlük müharibədəki böyük qələbəmizi həzm edə bilməyən, xaricdə olan bəzi qüvvələr və təşkilatlardır. Onlar Azərbaycanda təxribat, iğtişaş salmaq, insanları narazı salmaq üçün bu hicab məsələsini ortaya atıblar. Bunun heç bir əsası yoxdur. Məktəbli məktəbə təhsil almağa, elm və tərbiyə öyrənməyə gəlir və hamı vahid formada gəlməlidir".
Xalq artisti informasiya məkanında süni intellektdən istifadə olunaraq saxta görüntülərin tirajlandığını vurğulayıb:
"Bu, Azərbaycana qarşı böyük təhlükədir. Bir sirri açım ki, bu, elə yakın qonşularımızın müəyyən təşkilatlarından gələn bir şeydir. İnformasiya aləmində, saytlarda yaymaq üçün hətta süni intellektdən istifadə edərək başıaçıq müəllimlərin və şagirdlərin başına hicab örtüb yerləşdirirlər. Bu, heç cür qəbul edilməzdir. Eyni zamanda heç kim demir ki, işğaldan azad olunmuş torpaqlarımızda dövlətimiz 12 məscidi bərpa edib. Hər bir insanın qəlbində Allah sevgisi var, lakin bunu təhsil ocaqlarına sirayət etmək, münaqişə yaratmaq olmaz".
Tarixi təcrübəyə və klassik irsimizə nəzər salan Teatr Xadimləri İttifaqının sədri fikirlərini belə davam etdirib:
"Azərbaycan xalqı heç vaxt hicab taxmayıb. Bizdə başıbağlı, çadralı qadınlar olub və onlar da keçən əsrin ortalarında o çadranı atıblar. Çünki çadra örtən qadın evin bir küncündə qapanıb otururdu, nə cəmiyyətə çıxa, nə də təhsil ala bilirdi. Mirzə Ələkbər Sabir də vaxtilə buna toxunmuşdu. Biz artıq dünya ölkələri ilə bir səviyyədəyik, keçmişə, qaranlığa qayıda bilmərik. Müqəddəs Quranda da yazılmayıb ki, məktəbə gədən qız uşağı hicabla getməlidir".
Vahid məktəbli formasının sosial bərabərlik yaratdığını qeyd edən Hacı İsmayılov hər kəsi dövlətin yanında olmağa çağırıb:
"Əgər məsələni öz axarına buraxsaq, biri hicabda, biri bahalı kostyumda gələcək, kasıb uşaq isə bir küncdə sıxılacaq. Bu da gələcəkdə sosial problemlərə səbəb ola bilər. Məktəbli forması sosial bərabərlikdir. Şagird məktəbə gəlib təhsilini, tərbiyəsini almalı, evinə gedəndən sonra isə istəsə namazını qılıb duasını edə bilər - heç kim bunu onun əlindən almır. Biz ziyalılar, sənət adamları dövlətimizin, hökumətimizin yanındayıq. İnanıram ki, xaricdən təşkil olunan bu müvəqqəti kampaniya tezliklə yatırılacaq və yaddan çıxacaq".
Aminə ŞAHSUVARQIZI













