“Uşağın ağlı hələ tam kəsmir” - Ağaverdi Paşayevdən məktəblərlə bağlı AÇIQLAMA
Məktəblərdə vahid geyim tərzi, təhsilin dünyaviliyi və şagirdlərin davranışı ilə bağlı gedən müzakirələrə Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Ağaverdi Paşayev də münasibət bildirib.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında görkəmli pedaqoq və sənətkar məktəblərdə daxili nizam-intizamın və vahid formanın qorunmasını vacib saydığını qeyd etdi:
"Mənim də məsələdən xəbərim var. Mətbuatdan, televiziya kanallarından görürəm ki, cəmiyyət bu barədə narahatlığını bildirir. Ancaq belə başa düşürəm ki, uşaq məktəbə gedirsə, onun hələ ağlı tam kəsmir, hələlik məktəbin daxili qanun-qaydaları ilə oturub-durmalıdır".
Ağaverdi Paşayev yaş dövrünün xüsusiyyətlərinə və müəllimlik təcrübəsinə söykənərək vurğuladı ki, orta məktəb səviyyəsində bərabərlik və qaydalar ön planda olmalıdır:
"Ola bilər ki, sonra ali məktəbdə, artıq 16 yaşından sonra insan bir şəxsiyyət kimi formalaşsın, özünü dərk etsin. O zaman hər kəsin həyata öz böyük baxışı ola bilər. Amma orta məktəbdə vahid geyim forması olmalıdır. Mən də bunun tərəfdarıyam, çünki özüm də müəlliməm. Hər halda, orta məktəb səviyyəsində uşaqların eyni məktəbin qayda-qanunlarına əməl etməsi daha məqsədəuyğundur".
Aminə ŞAHSUVARQIZI













