"Məktəbə fərqli geyimdə gəlmək sosial bərabərsizlik yaradır" - Xan Şuşinskinin qızı
"Nazirlər Kabinetinin bu qərarını alqışlayıram. Azərbaycan dünyəvi dövlətdir. Xalqımız və dövlətimiz tolerantdır. Əsrlər boyu vətənimizdə müxtəlif xalqların nümayəndələri sıx qardaşlıq şəraitində yaşayıblar. Dövlət və xalq olaraq hər bir millətin dilinə, dininə, etiqadına həmişə böyük hörmətlə yanaşmışıq. Amma bu gün mən Nazirlər Kabinetinin vahid geyim barədə qərarını yüksək qiymətləndirirəm".
Bu sözləri Redaktor.az-a açıqlamasında Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva məktəblərdə vahid geyim tərzi, təhsilin dünyəviliyi və Nazirlər Kabinetinin müvafiq qərarı ilə bağlı gedən müzakirələrə münasibət bildirərkən dedi.
Fond rəhbəri fikirlərini belə davam etdirdi:
"Mən özüm Bakıda Qırmızı Əmək Bayrağı Ordenli 190 nömrəli məktəbdə oxumuşam. Məktəbimizin direktoru çox hörmətli, savadlı Sona xanım idi. Bizim hər birimiz məktəbə vahid formada gəlirdik. Dövlət təhsil sistemimiz dünyəvi prinsiplərə əsaslanır. Məktəb elm, bilik məkanıdır və orada hər bir məktəbli eyni formada dərsə gəlməlidir. Çünki şagirdlər ora 4-5 saat dərs oxumağa gəlirlər. Orada başqa formada gəlmək bərabərsizlik yaradır və digər şagirdlərin fikrini dağıdır.
Bizim bu dünyəvilik prinsipimizin dinə qarşı hər hansı mövqeyi yoxdur. Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır və bu, bizim en böyük xoşbəxtliyimizdir. İstərdim ki, məktəblərdə şagirdlər və müəllimlər üçün geyim qaydaları dəqiqləşdirilsin, müəyyənləşdirilsin. Bu, təhsilin keyfiyyətinə də çox böyük və müsbət təsir göstərəcəkdir".
Aminə ŞAHSUVARQIZI













