Aydın Kazımzadədən məktəbli forması ilə bağlı sərt AÇIQLAMA: “Hansı Azərbaycan qadınına yaraşır bu sözlər?”
“Məktəblərdə şagirdlərin vahid geyim geyinməsində heç nə yoxdur. Bu, dövlətin qərarıdır. Azərbaycan da dünyəvi bir ölkədir. Sadəcə olaraq, ara qızışdıranlar var ki, xaricdən gəlirlər. Bizimkiləri qızışdırıb ortaya salırlar. Şagird şagirddir, müəllim də müəllimdir. Şagird müəllimə baxır, müəllim necədirsə, şagird ondan ibrət götürür. Burada nə var axı?”
Bu sözləri Redaktor.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, kinoşünas, Prezident təqaüdçüsü Aydın Kazımzadə bildirdi.
“Dünən sosial şəbəkələrin birində bir qadın deyir ki, başı bağlı olan qadınların əri namusludur. Başı açıq olan qadınların isə əri namuslu deyil. Hansı Azərbaycan qadınına yaraşır bu sözlər? Belə olmaz axı. Hər şeyin qaydası var da. Hər şeyi sivil formada müzakirə etmək olar. Neçə milyon adamın arvadı başıaçıq olub, deməli, onlar namuslu deyillər. Belə olmaz axı. Salırlar cəmiyyəti ortaya, ağızlarına nə gəlir, danışırlar. Hər şeyin bir qaydası var. Heyif, vallah, heyif”, - deyə o təəssüfləndi.
Müsahibimiz valideynlərin vahid məktəbli forması ilə bağlı necə maarifləndirilməli olduqları barədə suala belə cavab verdi:
“Savadlı valideynlər olsa, başa düşərlər. Savadsız valideynlər bu məsələləri ortaya çıxarır. Sadəcə olaraq, oxumaqla deyil. Gərək savadlı olasan, başa düşəsən ki, dünyəvi ölkəyik. Dünyəvi ölkə nə deməkdir? Biz də müsəlman ölkəsiyik, amma dünyəviyik. Amma müsəlman ölkəsi var ki, misal üçün, başı bağlı qadın başını açanda hətta onu həbs edirlər. Bunlar İslam ölkələridir. Bu ayrı. Axı biz dünyəvi ölkəyik, bunu başa düşməlidir camaat ki, biz o biri ölkələrdən deyilik.
Hər şeyin qaydası var. Uşaqları qızışdırırlar. Oxuyuram ki, elan veriblər: “Uşaqlar, başı bağlılar, gedin məktəbə”. “Gedin, qoy ara qarışsın”. Belə şey etmək olar? Uşaqlar yazıqdırlar, onları indidən əsəbləşdirmək olmaz.
Uşaqlar tərbiyə alırlar, məktəbə gedirlər. Xarici ölkələrdə, eyni zamanda bizdə də var ki, cavan oğlanlar, qızlar texniki avadanlıqlar düzəldirlər. Adam baxır, ürəyi açılır. Uşaqları bu istiqamətlərə yönləndirmək lazımdır”.
Aytəkin TOFİQQIZI













