Əminə Məlikovadan məktəbli forması və milli geyimlərlə bağlı mühüm MESAJ
“Mən vahid məktəbli formasını dəstəkləyir və Nazirlər Kabinetinin qərarını alqışlayıram. Hesab edirəm ki, geyimlə bağlı ümumi tələblər uşaqların diqqətini təhsilə yönəltməyə, məktəb qaydalarına hörmət hissini formalaşdırmağa və ailələrin maddi imkanları arasındakı fərqlərin daha az nəzərə çarpmasına kömək edir. Məktəb hər bir uşağın özünü kollektivin bir üzvü kimi hiss etməli olduğu ümumi təhsil məkanıdır”.
Bu sözləri Redaktor.az-a Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova məktəblərdə vahid geyim tərzi, təhsilin dünyəviliyi və Nazirlər Kabinetinin müvafiq qərarı ilə bağlı cəmiyyətdə gedən müzakirələrə münasibət bildirərkən açıqlamasında bildirdi.
Muzey rəhbəri fikirlərini davam etdirərək qərarın icrasında həssaslıq və maarifləndirmənin mühüm olduğunu vurğuladı:
“Bu tələblərin uşaqların və valideynlərin hisslərinə həssaslıqla yanaşılaraq, sakit və hörmətli şəkildə izah edilməsini vacib sayıram. Valideynlər və pedaqoqlar uşaqlara bu qaydaların mahiyyətini anlamaqda kömək etməli, müəllimlər isə müəyyən edilmiş tələblərə hörmətlə yanaşmaqda nümunə göstərməlidirlər. Muzeylərin əsas funksiyalarından biri təhsil və maarifləndirmə olduğuna görə, qaydaların məqsədini uşaqlara düzgün izah etməyin nə qədər mühüm olduğunu yaxşı anlayırıq.
Mən öz uşaqlıq illərimi çox yaxşı xatırlayıram. Biz hamımız orta məktəbə vahid məktəbli formasında gedirdik. Müəyyən yaşa çatanda biz qızlar sırğa və ya kiçik bəzək əşyaları taxmaq istəyirdik, lakin məktəbdə buna icazə verilmirdi. Məktəbə daxil olarkən hamımız anlayırdıq ki, bura bilik məbədidir. Biz müxtəlif sosial imkanlara malik ailələrdən gəlirdik, lakin məktəbli forması aramızdakı bərabərliyin rəmzi idi. O, diqqətimizi geyimə, zinət əşyalarına deyil, dərslərə yönəldirdi”.
Əminə Məlikova milli geyimlərin və kəlağayının təbliğinə də toxunaraq məktəb tədbirlərində milli elementlərin istifadəsinin təqdirəlayiq olduğunu qeyd etdi:
“Uzun illər Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan və kəlağayının qadınlarımızın gündəlik həyatına qayıtmasına öz töhfəsini vermiş bir insan kimi milli ənənələrimizin qorunmasına xüsusi önəm verirəm. Bu baxımdan, qərarda tariximizə, mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə həsr olunmuş məktəb tədbirlərində Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə imkan verilməsini də alqışlayıram.
Mənim üçün bu, ardıcıl bir yanaşmadır: gündəlik məktəb həyatında vahid geyim formasına riayət edir, müvafiq mədəni tədbirlərdə isə uşaqları milli geyimimiz və onun mənası ilə tanış edirik. Məktəbin öz qaydaları, öz etikası və bütün şagirdlər üçün ümumi olan tələbləri vardır. Məktəbdən kənarda hər kəs öz zövqünə uyğun geyinə bilər, amma məktəbin əsas məqsədi uşağa bilik, tərbiyə və qarşılıqlı hörmət dəyərləri aşılamaqdır”.
Aminə ŞAHSUVARQIZI













