"Ölkədə fitosanitar xidmətin vəziyyəti ürəkaçan deyil” - Ənvər Əliyev
Xaçmaz rayonunda bir müddətdir təbiətə, bitki aləminə, meşə və ağac fonduna ciddi ziyan vuran mərmər bağacığının sayı son günlər yenidən artıb. Vəziyyət artıq kritik həddə çatıb.
Bəs bu mərmər bağacığının yayılma səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq Ənvər Əliyev bildirdi ki, onların niyə yayıldığı və hansı şəraitdə çoxaldığını bilmək üçün araşdırma etmək lazımdır:
"Bunu dəqiq müəyyənləşdirmək üçün əraziyə gedib vəziyyəti araşdırmaq lazımdır. Bu, həmin ərazinin problemidir, zərərvericilər kənardan gəlməyib. Ona görə də məsələyə bir qədər ehtiyatla yanaşmaq istəyirəm. Bildiyim odur ki, təbiət və meşə mühiti zərərvericilərin çoxalması üçün əlverişlidirsə, onlar istər-istəməz artıb törəyəcəklər. Buna görə də həmin mühiti təhlil edib zərərvericilərin çoxalmasına hansı şəraitin imkan verdiyini müəyyənləşdirmək lazımdır. Digər tərəfdən, zərərvericilər ilkin mərhələdə olarkən onlara qarşı vaxtında mübarizə aparılarsa, mövcud üsullarla onların qarşısını almaq və problemi birdəfəlik həll etmək mümkündür. Lakin onlar artıb çoxaldıqdan sonra vəziyyət daha da çətinləşir. Bizim millətdə belə zərərvericilər tək-tük olanda dərmanlayıb həll yolu tapmırlar, sonra hay salırlar. Ölkədə fitosanitar xidmətin vəziyyəti də ürəkaçan deyil. Bakının özündə belə, bu gün çoxlu ağaclar məhv olmaq üzrədir".
NURİYYƏ













