Bulvarda çay festivalı başlayıb: çaylar, şirniyyatlar və pulsuz iştirak imkanı - FOTOLAR
Bakı bulvarında çay ənənələrinə həsr olunan festival keçirilir.
Redaktor.az xəbər verir ki, Dənizkənarı Milli Bulvarda təşkil edilən "Çay Festivalı" ziyarətçilərə Azərbaycanın zəngin çay mədəniyyətini yaxından tanımaq imkanı yaradır.
Tədbirin əsas məqsədi milli çay ənənələrini yaşatmaq, yerli istehsalçıların fəaliyyətinə dəstək vermək və çayı mədəni irsimizin bir hissəsi kimi təbliğ etməkdir.
Festival çərçivəsində ölkənin tanınmış çay istehsalçılarının məhsulları, müxtəlif bölgələrə məxsus şirniyyatlar, eləcə də Qarabağ, Şərqi Zəngəzur və Lənkərandan gətirilən bitki çayları təqdim edilir. Bununla yanaşı, iştirakçılar Çin və Özbəkistanın çay dəmləmə ənənələri ilə tanış olur, samovarlar və milli çay mədəniyyətini əks etdirən müxtəlif eksponatları seyr edə bilirlər.
Ərazidə qurulan çay bağı və söhbətgahlar tədbirə xüsusi ab-hava qatır. Festivalın maraq doğuran elementlərindən biri isə hündürlüyü 6 metr olan armudu stəkan formasında dekorasiyadır.
Qeyd edək ki, Çay Festivalı oktyabrın 18-dək davam edəcək. Ziyarətçilər hər gün saat 12:00-dan 23:00-dək tədbirə qatıla bilərlər. Festivalın girişində ödəniş tələb olunmur.
NURİYYƏ


































