“Məktəbli formasını qəbul etmək lazımdır” - Deputatdan etiraz edənlərə ÇAĞIRIŞ
“Dövlət vahid məktəbli forması ilə bağlı qərar qəbul edib. Vahid məktəbli forması dünyanın əksər ölkələrində tətbiq olunur və cəmiyyət tərəfindən normal qarşılanır. Azərbaycanda da bu təcrübədən istifadə edilir. Əvvəllər ayrı-ayrı məktəblərdə də vahid formaya keçid halları olurdu. İndi isə bütün respublika üzrə vahid forma tətbiq edilir. Beynəlxalq təcrübə nəzərə alınıb, pedaqoqların fikirləri dinlənilib, həkimlərin və psixoloqların təklifləri nəzərə alınıb. Hazırkı forma həm rahatdır, həm də sosial bərabərliyi təmin edən bir formatdır”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi.
Onun sözlərinə görə, məktəbdə diqqət artıq ayrı-ayrı şagirdlərin fərqli geyimlərinə deyil, təhsilin keyfiyyətinə yönələcək və hamı bərabər olacaq.
“Bunu gözləmək və qəbul etmək lazımdır, başqa variant yoxdur. Düzdür, müxtəlif insanlar buna etiraz etməyə çalışdılar, hətta məktəbə ziyan da vurdular. Ancaq buna baxmayaraq, dövlət göstərdi ki, bu cür hərəkətlərə dözməyəcək. Onlar artıq cinayət məsuliyyətinə cəlb ediliblər.
Hamıya müraciətim ondan ibarətdir ki, məktəbli formasını qəbul etmək lazımdır. Dərsdən sonra isə şagirdlər valideynlərinin istəyinə uyğun olaraq başqa geyimlər geyinə bilərlər. Bu, heç də dini inancları məhdudlaşdırmır. Burada söhbət yalnız sosial bərabərlikdən və dünyəvilikdən gedir. Bunlar təmin edilir.
Görünən odur ki, cəmiyyət bunu qəbul edir. Bir qrupun buna etiraz etməsinin keçici olduğunu düşünürəm. Müəyyən müddətdən sonra onlar da bu qərarla razılaşmalı olacaqlar. Çünki bu qərar onların da övladlarının keyfiyyətli dünyəvi təhsil almasına şərait yaradır”.
Aytəkin TOFİQQIZI













