Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Deputatdan mühüm AÇIQLAMA

 12:39 13.10.2026     189

“Məhkəmə qərarlarının vaxtında icrası ilə bağlı son illərdə müəyyən tədbirlər həyata keçirilib. Lakin bəzi hallarda dövlət tərəfindən qəbul edilən qərarların icrası ilə bağlı problemlər yaranır. Bu vəziyyət yalnız bank sektoruna və ya zərər çəkən şəxslərə deyil, ümumilikdə məhkəmə sisteminə və hüquqi mexanizmlərin səmərəliliyinə təsir göstərir. Ötən illərin statistikası bank sektorunun iqtisadi və sosial həyatımızda mühüm rol oynadığını göstərir”.

Redaktor.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc bildirdi.

Onun sözlərinə görə, 2021-ci ildən başlayaraq icra işlərinin sayı və həcmi artıb:

“Həmin il göstəricilərin 25,7 faiz artaraq 387 milyona çatdığı bildirilir. Pandemiya dövründə ailə gəlirlərində baş verən dəyişikliklər də bu göstəricilərə təsir edib. Xüsusilə kredit münasibətləri ilə bağlı icra işlərinin sayında artım müşahidə olunur. 2022-ci ildə bank kreditləri ilə bağlı 74 075 icra işi daxil olduğu halda, 2024-cü ildə bu göstərici 102 minə çatıb. Bu, diqqətçəkən artımdır.

Qiymətli kağızlar bazarında problemli kreditlərlə bağlı icra işlərinin sayı da 40 minə yaxındır. 2025-ci ilin müvafiq rübündə təminatsız kreditlər və fiziki şəxslərin borc öhdəlikləri ilə bağlı icra işlərinin ümumi sayının 600 olduğu qeyd edilir. Rəsmi məlumatlara əsasən, ümumilikdə təxminən 1 milyon 300 min icra işinin həyata keçirildiyi bildirilir. Bu rəqəmlər icra işlərinin sayının artdığını və kredit-maliyyə məsələlərinin bu prosesdə mühüm yer tutduğunu göstərir.

Məhkəmə aktlarının icrası ilə bağlı göstəricilər nəzərə alınaraq, hüquqi imkanların genişləndirilməsi və mövcud mexanizmlərin təkmilləşdirilməsi vacibdir. Borc öhdəliklərinin icrası zamanı kompensasiya mexanizmlərinin də ehtiyaclara uyğun qurulması nəzərdən keçirilməlidir.

Mərkəzi Bankın məlumatlarına görə, 2026-cı ilin əvvəlində bank sektorunda qeyri-işlək kreditlərin, yəni ödənişləri 90 gündən artıq gecikmiş kreditlərin həcmi 932,3 milyon manata çatıb. Eyni dövrdə kredit artımının əvvəlki göstəricilərlə müqayisədə üç dəfə yavaşladığı müşahidə olunur.

Son illərin nəticələri göstərir ki, kreditlər üzrə girov mexanizmləri ilə bağlı bəzi məsələlər sosial baxımdan həssas xarakter daşıyır. Hökumət təminatsız kreditlərə və əhalinin həyat şəraitinə təsir edən amillərə diqqət yetirməli, borclanma ilə bağlı mövcud mexanizmlərin təkmilləşdirilməsi imkanlarını qiymətləndirməlidir. Girovlu kreditlər üzrə borclu öhdəliklərini yerinə yetirmədikdə, girovun taleyi qanunvericiliklə müəyyən edilmiş şəffaf qaydada tənzimlənməlidir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən