“Azyaşlı uşaqların məcburi hicab geyinməsi düzgün deyil” - Elmlər doktorundan MÜNASİBƏT

 12:44 13.10.2026     132

“Bizim dövlətimiz dünyəvi dövlətdir, dini dövlət deyil. Təhsil sistemi də dünyəvi təhsilə əsaslanır. Vahid məktəbli formasının tərəfdarıyam. Çünki məktəbdə uşaqlara digər aksesuarlardan istifadə etməyə də icazə verilmir. Onlara zinət əşyaları, sırğa taxmaq, dırnaqla bağlı müxtəlif məhdudiyyətlər və sair qadağalar qoyulur. Buna görə də düşünürəm ki, dini geyimlərin geyinilməsinə müəyyən məhdudiyyət qoyulması da əslində qanuna uyğun şəkildə həyata keçirilir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, elmlər doktoru, dosent Səadət Məmmədova dedi.

“Düşünürəm ki, bu məhdudiyyət yalnız məktəbli forması ilə bağlıdır. Məktəbdən kənarda heç kəsin dini azadlığını pozmur. Həmin şəxslərin kənarda yenə də öz istədikləri şəkildə geyinmələrinə icazə verilir. Eyni zamanda, öz dini ayinlərini icra etmələrinə heç bir qadağa qoyulmur. Düşünürəm ki, müəyyən yumşaltmalar aparmaq, yəni məktəbdə dini geyimlərdən istifadə edənlər üçün də yumşaldılmış formaya uyğun hansısa variant tətbiq etmək olar", - deyə alim bildirdi.

Müsahibimiz valideynlərin necə maarifləndirilməli olduqları məsələsinə də toxundu.

“Valideynləri bu istiqamətdə belə maarifləndirə bilərik ki, onlar dinlə məşğul olan insanlardır və uşaqların müəyyən yaşdan sonra, öz seçimləri əsasında hansısa geyimləri geyinməsinin mümkünlüyünü bilirlər. Məsələn, qız uşaqlarının səkkiz-doqquz yaşına qədər hicab geyinməsi vacib deyil və bildiyimə görə, müsəlman ölkələrində də buna riayət olunur. Ancaq doqquz-on yaşından sonra qız uşaqlarının, yaxud da müəyyən fiziki yetkinlik yaşına çatdıqda örtük geyinməsinə icazə verilir və ya bu tələb olunur.

Buna görə də azyaşlı uşaqların ailələri tərəfindən məcburi şəkildə geyindirilib məktəbə göndərilməsi, məncə, düzgün deyil və dinin özünə də uyğun deyil. Düşünürəm ki, bu istiqamətdə valideynlər arasında maarifləndirmə aparılmalıdır. Onlara izah edilməlidir ki, əgər dinin tələblərinə uyğun yaşamaq istəyirlərsə, burada müəyyən edilmiş bütün qayda-qanunlara da riayət etməlidirlər. Mən maarifləndirmənin məhz bu istiqamətdə aparılmasını məqsədəuyğun hesab edirəm”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən