“Məktəbli forması qərarı dini qaydalara zərər vermir” - Füzuli Qurbanov
Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov orta məktəblərdə vahid geyim tərzi və məktəbli formasının tətbiqi ilə bağlı müzakirələrə münasibət bildirib.
Alim Redaktor.az-a açıqlamasında təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunmasının və vahid məktəbli formasının tətbiqinin vacib olduğunu qeyd etdi:
“Bu addımı atmaqla Azərbaycan dövləti bir daha müstəqil daxili və xarici siyasət yürütdüyünü nümayiş etdirir. Çünki Azərbaycanın başqa ölkələrdən fərqli olaraq öz dini, tarixi və təhsil tarixi vardır. Bunların dərindən təhlili nəticəsində hakimiyyətin gəldiyi qənaət tamamilə əsaslıdır.
Məsələnin digər tərəfinə toxunan Füzuli Qurbanov bildirdi ki, müxtəlif istiqamətlərdən dini amildən süni şəkildə yararlanaraq ölkəmizin müstəqilliyinə zərər vermək istəyənlər az deyil.
“Ona görə də Nazirlər Kabinetinin məktəblərin geyim qaydaları ilə bağlı qərarı təhsil mühitində bütövlüyün təmin olunmasına böyük töhfə verə bilər. Şagirdlərin vahid formada məktəbə gəlməsi onların arasında ünsiyyətin və münasibətlərin müsbət istiqamətdə formalaşmasına yardımçı ola bilər”.
Onun sözlərinə görə, şagirdlər arasında bərabərliyin qorunması və məktəbin öz əsas funksiyasını yerinə yetirməsi də diqqətdə saxlanılmalıdır.
“Bilirsiniz ki, indiki şəraitdə hər bir gəncdə uşaq yaşlarından vətənpərvərlik hissi və dünyəvi dövlətçiliyə bağlılıq tərbiyə olunmalıdır. Əlbəttə, İslam dini mentalitetimizdə mövcud olan və mədəniyyətimizin ayrılmaz parçasını təşkil edən mənəvi dəyərlərlə zəngindir. Bunu heç kəs inkar edə bilməz.
Füzuli Qurbanov vurğuladı ki, Nazirlər Kabinetinin qərarı dini inanclara və insanın seçim hüququna qarşı yönəlməyib.
“Bu qərarda belə bir məqam qətiyyən nəzərdə tutulmayıb. Çünki insanın vətəndaş kimi seçim etmək hüququ məsələsi yenə də aktual olaraq qalır və dövlət buna heç zaman qarşı çıxmayıb. Əksinə, Azərbaycan dövləti dünya miqyasında islamofobiyaya qarşı ən fəal mübarizə aparan ölkələrdən biridir.
Şöbə müdirinin fikrincə, burada əsas məqsəd uşaqlar arasında bərabərliyin təmin olunması və ayrı-seçkiliyin qarşısının alınmasıdır.
“Burada əsas məsələ övladlarımızın kiçik yaşlarından birliyinin təmin olunması, bir-birinə qarşı ayrı-seçkilik etməməsi və vahid formada, vahid qaydada bərabərhüquqlu şəkildə təhsil alması üçün şərait yaradılmasıdır. Bu istiqamətdə ciddi işlər görülür.
Ona görə də Nazirlər Kabinetinin bu qərarını valideynlər də qəbul etməli və dərk etməlidirlər. Maarifləndirmə işləri qəbul edilən qərarların dini qaydalarımıza heç bir zərər vurmadığını insanlara izah etmək istiqamətində aparılmalıdır”.
Aytəkin TOFİQQIZI













