Məktəblərdə hicab məsələsi: Filosofdan diqqətçəkən AÇIQLAMA
Nazirlər Kabinetinin məktəb geyimi ilə bağlı qərarı sosial bərabərsizliyin aradan qaldırılmasına, şagirdlərin geyimə görə bir-biri ilə müqayisə aparmasının qarşısının alınmasına və milli-mənəvi dəyərlərə uyğun geyim mədəniyyətinin formalaşdırılmasına yönəlib.
Bunu Redaktor.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov bildirdi.
Onun sözlərinə görə, qərar həm valideynlər, həm pedaqoji işçilər, həm də təhsilalanlar arasında sosial bərabərsizliyin aradan qaldırılmasına xidmət edir. Məqsəd şagirdlərin müxtəlif sosial təbəqələrə mənsub olmalarından asılı olaraq bir-birinin geyiminə həsəd aparmasının, ucuz və ya bahalı geyimlərdən istifadəyə görə fərqlənməsinin qarşısını almaqdır.
Həmçinin məktəblərdə şagirdlərin və təhsilverənlərin qızıl-zinət əşyalarından, müxtəlif bijuteriya vasitələrindən və süni dırnaq uzadılmasından uzaq durması, milli-mənəvi dəyərlərimizə uyğun geyim formalarının tətbiqi nəzərdə tutulur.
R.Əsgərov qeyd etdi ki, Azərbaycan təhsilinin sekulyar, yəni dünyəvi istiqamətdə inkişaf etməsi bu sahədə atılan addımların əhəmiyyətini artırır. Onun fikrincə, məktəb mühitində şagirdlərin geyim vasitəsilə bir-biri ilə yarışması deyil, bilik və bacarıqlarının formalaşması əsas diqqət mərkəzində olmalıdır.
“Bu addımlar təhsil sahəsində aparılan islahatların davamı və ya növbəti mərhələsidir. Həmin mərhələ xüsusilə orta ümumtəhsil məktəblərində təhsilalanların nailiyyətlərinə, şəxsiyyət kimi formalaşmasına, müəyyən bilik və bacarıqlara yiyələnməsinə yönəlib”, - deyə o bildirdi.
Həmsöhbətimiz diqqətə çatdırdı ki, orta məktəblərdə, xüsusilə də yetkinlik yaşına çatmayan, 8-9 yaşlı uşaqlar arasında məktəb mühitinə və dünyəvi təhsilin xüsusiyyətlərinə uyğun olmayan geyimlərə rast gəlinir.
“Əlbəttə, bu geyimlər digər şagirdlərdə bəzən qıcıq, bəzən isə müəyyən həvəs yaradır. Bu da uşaqların diqqətinin təhsildən yayınmasına və dünyəvi təhsilin məqsədlərindən kənar istiqamətlərə yönəlməsinə şərait yarada bilər.
Ona görə də bu qərarın həyata keçirilməsi insanların hüquq və azadlıqlarının pozulmasına yönəlmiş addım kimi qiymətləndirilməməlidir. Uşaqlar, müəllimlər və digər şəxslər təhsildən sonra və ya təhsil müəssisəsindən kənarda istədikləri formada geyinə, o cümlədən hicabdan və digər geyim vasitələrindən istifadə edə bilərlər.
Bu məsələdə heç kim onların hüquq və azadlıqlarını məhdudlaşdırmağa çalışmır. Orta məktəblərdə qərarın icrası isə təhsilin inkişafına, şagirdlərin daha mütəşəkkil şəkildə bilik və bacarıqlara yiyələnməsinə xidmət edir”, - deyə Rəşad Əsgərov vurğuladı.
Aytəkin TOFİQQIZI













