Baş redaktordan ölkəmizi hədəfə alan Türkiyə mediasına: "Azərbaycanı təhqir etmək haqqını sizə kim verib?"
"Son günlər Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycanda məktəblərdə hicabla bağlı məsələ üzərindən ölkəmizə qarşı səsləndirilən ittihamlar və təhqiramiz ifadələr ciddi narazılıq doğurur. Türkiyəli jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin bu məsələni bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, ölkəmizə qarşı həqarət dolu fikirlər səsləndirməsi qəbuledilməzdir".
Bunu Redaktor.az saytının baş redaktoru Aqil Aslan deyib.
Azərbaycanlı jurnalist Türkiyə mediasına və sosial şəbəkə istifadəçilərinə çağırış edərək bildirib ki, heç kim Azərbaycanı təhqir etmək, ölkəmizə yuxarıdan aşağı baxmaq və onun daxili məsələlərinə müdaxilə etmək hüququna malik deyil.
O, daha sonra deyib:
“Türkiyəli jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə bir sözüm var: Azərbaycan sizin istədiyiniz kimi mühakimə edəcəyiniz, haqqında həqarət yağdıracağınız ölkə deyil! Azərbaycanda baş verən hər hansı hadisə sizə ölkəmizin ünvanına təhqirlər səsləndirmək, xalqımıza və dövlətimizə qarşı hörmətsizlik etmək haqqı vermir.
Məktəblərdə hicabla bağlı məsələni bəyənməyə bilərsiniz, bununla bağlı öz fikrinizi də bildirə bilərsiniz. Bu, sizin hüququnuzdur. Ancaq bir qərarla razılaşmamaq başqa şeydir, bundan istifadə edərək Azərbaycanın daxili işlərinə qarışmaq, ölkəmizi təhqir etmək və cəmiyyətimizə qarşı aqressiv kampaniya aparmaq tamam başqa! Heç kim özünü Azərbaycan xalqına dərs vermək, dövlətimizə yol göstərmək və ölkəmizin qərarlarını təhqiramiz ifadələrlə mühakimə etmək haqqına sahib hesab etməməlidir.
Azərbaycan müstəqil dövlətdir. Bizim öz qanunlarımız, öz dövlətçilik ənənələrimiz və öz qərarlarımız var. Azərbaycan hansısa xarici ölkədəki jurnalistin, bloqerin və ya sosial şəbəkə istifadəçisinin xoşuna gəlmək üçün qərar qəbul etməyə borclu deyil. Ölkəmizlə bağlı məsələləri müzakirə etmək istəyənlər ilk növbədə faktlara və obyektivliyə əsaslanmalıdırlar. Təhqir, böhtan və yuxarıdan aşağı danışmaq isə nə jurnalistikadır, nə də sağlam müzakirə mədəniyyəti”.
Aqil Aslan vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin mövcudluğu qarşılıqlı hörmət tələb edir:
“Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir. Ancaq qardaşlıq birtərəfli anlayış deyil. Qardaşlıq yalnız Azərbaycanın Türkiyəyə hörmət etməsi, onun maraqlarını nəzərə alması demək deyil. Bu münasibət qarşılıqlı olmalıdır. Türkiyəli həmkarlarımızdan da Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və xalqımızın ləyaqətinə hörmət gözləmək bizim haqqımızdır.
Əgər Türkiyədə hansısa qərarla bağlı narazılıq yaranırsa, Azərbaycan mediasının və sosial şəbəkə istifadəçilərinin Türkiyəni təhqir etməsi, onun daxili işlərinə qarışması necə qəbuledilməz olardısa, eyni münasibət Azərbaycana qarşı da yolverilməzdir. Niyə bəziləri öz ölkələrinin daxili məsələlərinə müdaxiləni qəbul etmədikləri halda, Azərbaycana gələndə bu prinsipi unudurlar?
Xüsusilə jurnalistlər məsuliyyətlərini dərk etməlidirlər. Media ictimaiyyəti məlumatlandırmalı, faktları araşdırmalı, fərqli fikirləri təqdim etməlidir. Təhqirləri çoxaltmaq, insanları qızışdırmaq və bütöv bir ölkəni hədəfə çevirmək jurnalistikanın missiyası deyil.
Türkiyəli həmkarlarıma çağırış edirəm: Azərbaycanla bağlı mövqeyinizi bildirə bilərsiniz, qərarlarımızı tənqid edə bilərsiniz, amma ölkəmizə və xalqımıza həqarət yağdırmağı özünüzə rəva görməyin. Azərbaycan heç kimin təhqir hədəfi deyil. Biz heç bir ölkənin daxili işlərinə qarışmadığımız kimi, öz daxili məsələlərimizə də hörmətlə yanaşılmasını tələb edirik.
Qardaşlıqdan danışanlar ilk növbədə qardaş ölkənin müstəqilliyinə, dövlətçiliyinə və xalqına hörmət etməyi bacarmalıdırlar. Azərbaycanın ünvanına təhqir yağdırmaqla nə qardaşlığa xidmət etmək, nə də iki xalq arasında münasibətləri qorumaq mümkündür. Bu cür yanaşmaya susmağımızı gözləyənlər yanılırlar: Azərbaycan xalqının ləyaqəti və dövlətimizin suverenliyi müzakirə mövzusu deyil!” - deyə Aqil Aslan əlavə edib.
Aytəkin TOFİQQIZI













