“Azərbaycan Türkiyənin yanında dayanır, bəs niyə eyni münasibəti görmürük?” - Aqil Camal
“Təkcə Türkiyədə deyil, eyni zamanda İranda və başqa Avropa ölkələrində bir sıra informasiya resurslarında Azərbaycanda dini mövzuda hansısa sıxıntıların olması ilə bağlı artıq son dövrlər intensiv şəkildə materiallar yayımlanır, dərc olunur. Belə materialların Türkiyədən və yaxud da Türkiyənin hansısa rəsmi şəxslərinin, millət vəkillərinin dilindən səsləndirilməsi isə çox üzücüdür. İlk növbədə ona görə ki, Azərbaycanda dini vəziyyət tərif olunur”.
Bu sözləri Redaktor.az-a açıqlamasında “Türküstan” Media Qrupunun baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal dedi.
“Azərbaycan torpaqları artıq, demək olar ki, altı ilə yaxındır işğaldan azad olunub. O altı ildə Azərbaycan dövlətinin bölgədə gördüyü bütün infrastruktur işlərində dini məbədlərin bərpa olunması, yenidən tikilməsi məsələsi hər zaman ön planda olub. Məsələn, bir şəhərin, kəndin planlaması zamanı o şəhərdə, kənddə bir məscidin tikilməsi də sosial müəssisə kimi nəzərdə tutulub və yaxud da sosial müəssisə kimi tikilib.
Artıq işğaldan azad olunmuş bölgədə 12 məscid tikilib və bu gün Qarabağın gözbəbəyi olan Şuşanın ən hündür yerində Qafqazın, ümumiyyətlə, regionun ən böyük məscidi tikilir. Bundan başqa, Azərbaycanda bütün dini konfessiyalara davamlı olaraq maddi yardım, mənəvi dəstək verilir. Azərbaycan İslam həmrəyliyi ilə bağlı ən müxtəlif təşəbbüslərlə çıxış edir. Bu baxımdan, bu qarayaxmanın Azərbaycana yönəldilməsinin heç bir yeri yoxdur”, - deyə o bildirdi.
Jurnalistin sözlərinə görə, eyni zamanda bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycanın istər təhsil sahəsində, istərsə də digər məsələlərdə atdığı addımlar onun özünə məxsus suveren hüququdur:
“Biz baxsaq, görərik ki, son illərdə Türkiyənin özündə belə müxtəlif dini qruplara, marginal qruplara qarşı Türkiyə dövləti müəyyən tədbirlər keçirir, həbslər həyata keçirir, əməliyyatlar keçirir. Belə baxsaq, nəzəri baxımdan istənilən bir adam qalxıb deyə bilər ki, bu, dindarlara qarşı həyata keçirilən əməliyyatdır. Yox, biz əgər düşünürüksə ki, Türkiyə dövləti nəzərə alıbsa və belə bir qərara gəlibsə ki, bu qrupa qarşı, bir aşirətə qarşı bir tədbir görülməlidir, Azərbaycan dövləti də, Azərbaycan xalqı da bunu çox normal qarşılayır və Türkiyə dövlətinin yanında özünü hiss edir. Amma biz eyni münasibəti həm Türkiyənin iqtidarına yaxın olan şəxslərdən və media qruplarından görmək istəyirik. Eyni zamanda Azərbaycanda gedən proseslərə münasibət bildirən şəxslərdən də eyni yanaşmanı gözləyirik”.
Aytəkin TOFİQQIZI













