İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu DANIŞDI
"Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələr göstərir ki, bu gün ictimai əhəmiyyət daşıyan istənilən qərar yalnız hüquqi və inzibati məsələ kimi deyil, həm də informasiya mübarizəsinin predmeti kimi çıxış edə bilər. Xüsusilə din, milli kimlik, dünyəvilik, valideyn hüquqları və uşaqların təhsilə çıxışı kimi həssas mövzular sosial şəbəkələrdə daha güclü emosional reaksiya doğurur. İnformasiya çirkliliyi yalnız yalan xəbərlərin yayılması ilə məhdudlaşmır. Buraya həqiqi məlumatın kontekstdən çıxarılması, hadisələrin birtərəfli təqdim edilməsi, saxta hesabların fəaliyyəti, süni emosional gərginlik yaradılması və ictimai müzakirənin yanlış istiqamətə yönəldilməsi də daxildir ki, hazırda biz bunun şahidi olmaqdayıq".
Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu bildirdi.
Onun sözlərinə görə, belə manipulyasiyaların bir neçə əsas məqsədi olur:
"Birincisi, cəmiyyətdə qütbləşmə yaratmaqdır. İnsanları dini və dünyəvi, ənənəvi və müasir, dövlət tərəfdarları və əleyhdarları kimi qarşı-qarşıya qoymaqla ortaq müzakirə imkanları zəiflədilir. Nəticədə konkret qərarın mahiyyəti arxa plana keçir, emosional qarşıdurma isə əsas mövzuya çevrilir.
İkincisi, ictimai rəyin süni şəkildə formalaşdırılmasıdır. Eyni məzmunlu paylaşımların çoxsaylı hesablar tərəfindən qısa müddətdə yayılması cəmiyyətdə guya hamının eyni mövqedə olduğu təəssüratı yarada bilər. Halbuki sosial şəbəkədəki aktivlik real ictimai rəyin etibarlı göstəricisi deyil.
Üçüncüsü, dövlət institutlarına və ictimai münasibətlərə inamı zəiflətməkdir. Təhsil, din, ailə və milli kimlik kimi həssas mövzular üzərindən yayılan birtərəfli, manipulyativ məlumat və fikirlər vətəndaşlarla dövlət qurumları arasında etimadsızlıq yaratmaq məqsədi daşıyır.
Dördüncüsü, informasiya gündəmini idarə etməkdir. Cəmiyyəti davamlı mübahisəyə cəlb etmək, digər məsələlərə diqqəti azaltmaq və ictimai gündəmi emosional müstəvidə saxlamaqdır.
Bəzi insanlar xəbəri yoxlamadan, onun həqiqət olduğuna inanaraq paylaşırlar. Digərləri isə bilərəkdən yanlış məlumat yayırlar. Bu hallardan hansının baş verməsindən asılı olmayaraq, bu, bizi məsuliyyətdən azad etmir!"
Müsahibimiz vahid məktəbli forması məsələsinin niyə geniş informasiya mübarizəsinin predmetinə çevrildiyini də açıqladı:
"Azərbaycanın dünyəvi dövlət olması konstitusion, ali prinsipdir. Bu məsələnin həssaslığı onun təkcə geyim qaydaları ilə bağlı olması ilə əlaqədar deyil. Burada təhsil siyasəti, dünyəvilik, dini etiqad azadlığı, valideynlərin hüquqları və uşaqların təhsil almaq imkanları kimi bir neçə mühüm mövzu kəsişir. Bu kəsişmədən isə bir sıra xarici qüvvələr və onların ideoloji təsiri altında saxladıqları qruplar vasitəsilə öz məqsədləri istiqamətində istifadə etməyə çalışırlar.
Əgər hansısa media və ya sosial şəbəkə platforması qaydaların tətbiqi ilə bağlı məqamları davamlı şəkildə “Azərbaycanda İslama, hicaba qarşı mübarizə” çərçivəsində təqdim edirsə, burada hadisənin məqsədli şəkildə dini-siyasi çərçivəyə salınması müşahidə olunur. Bu yanaşma manipulyativ şəkildə insanları konkret hüquqi qərarı qiymətləndirməkdən uzaqlaşdıraraq məsələni din müstəvisinə keçirir. Bu mənada, belə narahatlıqların siyasi məqsədlər üçün istismar edilməsi, ayrı-ayrı hadisələrin ümumiləşdirilməsi və cəmiyyətin dini zəmində qarşı-qarşıya qoyulması maraqlı tərəflərin ölkəmizə qarşı apardığı informasiya mübarizəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Məktəbli forması ilə bağlı qərarın “hicab qadağası” kimi təqdim edilməsi məqsədli şəkildə təhrif edilərək dövlətimizin dünyəvilik siyasəti ilə dini dəyərlərimiz arasında süni qarşıdurma təsəvvürü yaradır. Halbuki hər iki prinsip – həm dünyəvilik, həm də İslam – bayrağımızda da əks olunan ideologiyamızın üç təməl prinsipindən ikisini təşkil edir. Deməli, söhbət sadəcə dini mövqedən deyil, Azərbaycanın daxili siyasətinə dini müstəvidən təsir göstərmək cəhdindən gedir. Vurğulamaq lazımdır ki, əsas informasiya mübarizəsi məhz real problemin müzakirəsi ilə həmin problemdən manipulyativ məqsədlərlə istifadə olunması arasındakı sərhəddə yaranır".
Vüqar Zifəroğlu vətəndaşların yanlış məlumatlardan qorunmaq üçün nələrə diqqət etməli olduqları məsələsinə də toxundu:
"Müasir informasiya mühitində əsas müdafiə vasitəsi məlumatı sadəcə qəbul etmək deyil, onun etibarlılığını yoxlamaq vərdişidir. İlkin mənbəyə müraciət etmək, məlumatı bir neçə müstəqil mənbədən yoxlamaq olduqca önəmlidir. Foto və videoların kontekstini araşdırmaq da əhəmiyyətli məqamdır. Köhnə görüntülər yeni hadisə kimi təqdim oluna, başqa ölkədə çəkilmiş video Azərbaycana aid edilə və ya montajla hadisənin mənası dəyişdirilə bilər. Orijinal paylaşımı, tarixi, yeri və görüntünün tam versiyasını axtarmaq lazımdır.
Emosional və təhrikedici dilə qarşı ehtiyatlı olmaq lazımdır. Belə ifadələr sübutun əvəzinə emosional reaksiya yaratmağa və manipulyasiyalara xidmət edir. Həmçinin izləyici sayını həqiqətin göstəricisi hesab etmək olmaz. Çoxsaylı şərhlər, bəyənmələr və təkrar paylaşımlar ictimai mövqenin genişliyini təsdiqləmir. Hesabların həqiqi istifadəçilər tərəfindən idarə olunub-olunmadığı və fəaliyyətin təbii xarakter daşıyıb-daşımadığı da nəzərə alınmalıdır. Vətəndaşlar üçün ən sadə qayda belədir: məlumat nə qədər emosionaldırsa və nə qədər təcili paylaşmağa çağırırsa, onu yoxlamağa bir o qədər çox vaxt ayırmaq lazımdır".
“Məlumatların arxasında xarici maraqların və təsir mexanizmlərinin dayandığını hansı əlamətlərdən müəyyən etmək olar?” sualını cavablandıran həmsöhbətimiz bildirdi ki, bir sıra əlamətlər birlikdə müşahidə edilərsə, koordinasiyalı informasiya kampaniyası ehtimalı araşdırılmalıdır.
"Məsələn, eyni məzmunun sinxron yayılması. Fərqli görünən hesabların eyni ifadələri, eyni vizualları və eyni iddiaları qısa zaman intervalında paylaşması bunun bariz nümunəsidir.
Süni hesab aktivliyi (yeni yaradılmış, məhdud tarixçəsi olan və yalnız müəyyən siyasi və ya ictimai mövzular ətrafında aktivləşən hesabların çoxluğu), eyni şablon üzrə hərəkət (hesabların eyni həştəqlərdən istifadə etməsi, eyni şərhləri təkrarlaması və eyni paylaşımları ardıcıl şəkildə önə çıxarması), məlumatın məqsədli təhrif edilməsi (həqiqi faktın bir hissəsinin gizlədilməsi, təsdiqlənməmiş iddianın sübut edilmiş hadisə kimi təqdim olunması və ya fərdi hadisədən bütün ölkə haqqında nəticə çıxarılması) belə əlamətlər hesab edilir.
Azərbaycanın Media və Yayım Şurası oktyabrın 12-dəki açıqlamasında məktəbli forması mövzusu ətrafında eyni və oxşar məzmunlu paylaşımların qısa intervallarla yayılmasını, müəyyən hesabların koordinasiyalı aktivliyini və süni narazılıq görüntüsü yaradılması ehtimalını xüsusi vurğulayıb. Konkret hesabların xaricdən idarə olunması barədə halların müstəqil texniki sübutlarla təsdiqlənməsi isə ayrıca əhəmiyyət daşıyır.
İnformasiya manipulyasiyasına qarşı ən güclü müdafiə nə bütün məlumatlara inanmaq, nə də hər şeyə şübhə ilə yanaşmaqdır. Ən doğru yol faktları yoxlamaq, fərqli mövqeləri dinləmək və sübutla ehtimalı bir-birindən ayırmaqdır. Bu yanaşma həm cəmiyyətin informasiya təhlükəsizliyini gücləndirir, həm də dini və ictimai həssaslıqların hansısa maraqlı qüvvələr tərəfindən süni qarşıdurma vasitəsinə çevrilməsinin qarşısını almağa kömək edir", - deyə V.Zifəroğlu yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI













