“Qardaşlıq təkcə xoş sözlərlə ölçülmür” - Azərbaycanlı jurnalistdən Türkiyə mediasına ÇAĞIRIŞ
“Son günlər Türkiyə mediasında Azərbaycanı hədəf alan, ölkəmizin maraqlarına və mövqeyinə qarşı yönələn müxtəlif səpkili yazılar dərc olunur. Heç bir fakta əsaslanmayan belə yazılar ölkəmizdə ciddi narahatlıq və narazılıqla qarşılanır. Azərbaycan-Türkiyə münasibətləri ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq bağlarına söykənir. Bu münasibətin fonunda ölkəmizi hədəfə alan materialların yayılması təəssüf doğurur”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlu bildirdi.
Tanınmış jurnalist vurğuladı ki, hər bir media orqanının fərqli mövqeyi var, bu, təbiidir:
“Tənqid və fikir müxtəlifliyi jurnalistikanın ayrılmaz hissəsidir. Lakin obyektiv faktlara əsaslanmadan, ölkələri qarşı-qarşıya qoymağa, ictimai rəydə yanlış təsəvvür yaratmağa, xalqlarımız arasında etimadı zədələməyə xidmət edən tənqidə yol verilməməlidir. Əlbəttə, Azərbaycanla Türkiyə arasında bütün məsələlərə dair eyni yanaşmanın mövcud olması zəruri deyil. Fərqli fikirlərin ifadəsi, müəyyən məsələlərin tənqidi müzakirəsi təbii qarşılanmalıdır. Lakin bu prosesdə qarşılıqlı hörmət qorunmalı, məsələlərə birtərəfli və qərəzli yanaşılmamalı, ictimai rəyə təsir göstərə biləcək məlumatlar diqqətlə qiymətləndirilməlidir. Lakin təəssüf ki, qardaş ölkə mediasında, sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycanla bağlı yazılarda bunların heç birinə əməl edilmir”.
Q.İbrahimoğlu nəzərə çatdırdı ki, Azərbaycan həmişə Türkiyənin yanında olub, çətin günlərdə qardaş ölkəyə dəstəyini nümayiş etdirib:
“Türkiyə də Azərbaycanın ən yaxın müttəfiqidir. Amma bu münasibətlər ayrı-ayrı media qurumlarının məsuliyyətsiz yanaşmalarının hədəfinə çevrilməməlidir, Türkiyə mediasında ölkəmiz haqqında tənqidi, bəzi hallarda hətta təhqiramiz yazıların qurbanına çevrilməməlidir.
Qardaşlıq təkcə xoş sözlərlə ölçülmür. Qardaşlıq qarşılıqlı hörmət, etimad və məsuliyyətlə qorunur. Ancaq Türkiyə mediasında Azərbaycanı hədəfə alan, ölkəmizə qarşı qərəzli yanaşma sərgiləyən yazılar iki xalq arasında formalaşmış münasibətlərə kölgə salır. Türkiyə mediası ortaq dəyərlərə hörmətlə yanaşmalıdır. Necə ki, Azərbaycan mediası heç bir ölkənin, o cümlədən Türkiyənin daxili işlərinə, qərarlarına müdaxilə etmir, hörmətlə yanaşır, bunu da hər bir dövlətdən, eləcə də qardaş Türkiyədən gözləyir və tələb edirik”.
NURİYYƏ













