“Hicabla məktəbə gedən 3-cü sinif şagirdinin qərarı özününkü deyil” - Hüseyn İbrahimov

 18:03 13.10.2026     75

"Ümumiyyətlə, hər bir ölkənin təhsil sahəsində, təhsil institutunun, təbii ki, öz nizam-intizam qaydaları var. Bəzi ölkələrdə hətta ali təhsil ocaqlarının belə özünəməxsus geyim formaları mövcuddur. Gündəmdə olan bir məsələ: bir çox hallarda bəzi valideynlər məktəblərdə olan qərarla razılaşmaq istəmirlər. Ancaq düşünmək lazımdır ki, dövlətin verdiyi sosial-iqtisadi sahədə hər hansı bir qərar onun inkişafını müəyyənləşdirməklə bərabər, onun təhsilin ümumi strategiyasına və gələcəkdə, ümumiyyətlə, həmin təhsil müəssisəsində formalaşan gəncliyin dünyagörüşünün birtərəfli olmaması və daha geniş spektrli olması üçün vahid məktəbli formasının olması olduqca vacib və əhəmiyyətli bir məsələdir".

Bunu Redaktor.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov bildirdi.

"İbtidai siniflərdə məktəb formasına keçid baş vermişdi, ancaq təəssüf ki, bir çox valideynlər onu yerinə yetirmirdilər. Ancaq indi bu qərarın qüvvəyə minməsi və daha normativ-hüquqi akta çevrilməsi prosesi bütünlükdə onu göstərir ki, bu forma etibarilə bütün şagirdlərin eyni formada gəlməsi onların bir-birinə olan münasibətlərinin və ünsiyyətinin yaranması baxımından əhəmiyyətlidir. Bir çox hallarda biz müşahidə edirik ki, vulqar bir geyim tərzi ilə, spesifik bir həyat tərzi geyimi ilə seçilən bir gənc qız və ya oğlan qrupda həmişə tək olur və o, özünü o biri qruplara qatılmır. Psixoloji olaraq digərləri ilə ünsiyyətə daha az girir. Digərləri onunla daha səmimi münasibətlərdə olmurlar".

Həmsöhbətimiz diqqətə çatdırdı ki, din insanın yetkinlik yaşına çatdıqdan sonra verdiyi şəxsi qərardır:

"Düzdür, heç kəsə qadağa yoxdur ki, Azərbaycan Respublikasında hansı yaşda ibadət etmək olar. Ancaq geyim formasına gəldikdə, bu vahid geyim forması dünyəviliklə bir adekvatlıq təşkil edir. Dünyəvilik yalnız geyimin bilikləri yeni tərzdə, müasir, daha yeni inkişaf meyillərini əks etdirməsi ilə ölçülmür, dünyəvilik həm də həyat tərzi və normalarında, istər geyim tərzində, istər ədəb-ərkanda, özünüaparma tərzində, həm də geyim tərzində nümunəvi vahid platforma tələb edir. Bu nümunəviliyin orta təhsildə qorunub saxlanılması olduqca vacibdir. Məhz nümunəvilik vahid olanda, nümunəvilik müasirliklə və vahid ölçü ilə əvəz olunduqda o gənclərin istedadının, gənclərin yeniyetməlik çağında olan yaradıcılığının da üzə çıxması prosesi sürətli olur. Təsəvvür edin ki, hər hansı bir valideyn istəyi ilə üçüncü sinifdə oxuyan bir şagird hicabla dərsə gedir. İstər-istəməz bu, onun şəxsi qərarı olmur, bu, aydın məsələdir. Daha çox bu, valideyn qərarı olur. Ancaq məsələ burasındadır ki, bununla həmin yeniyetmənin özü hansısa bir çevrəyə salınır, bir əhatəyə salınır. Din çox geniş bir anlayışdır, dinin funksiyaları çoxdur. Amma gənc məktəbdə bilik mənimsəməklə dinin funksiyalarını nə dərəcədə mənimsəyəcək? Onun üçün din yalnız qadağalar və olmazlar sistemi kimi yadda qalır. Nəinki olarlar sistemi kimi. Bir tərəfdən gənc, yeniyetmə və gənc dünyəvi bilikləri əks etdirdiyi bir vaxtda digər bir forma geyinərək formada öz məktəb yoldaşları ilə onların arasında sanki həyat tərzinin fərqli xüsusiyyətləri, iqtisadi xüsusiyyətlərindən davranış fərqləri meydana çıxır. Bu davranış fərqləri fərdin, gəncin, yeniyetmənin psixologiyasına təsir edir. Bu, bütünlükdə bir çox hallarda onun yaradıcılıq imkanlarının, ortaya çıxacaq potensialının gizlənməsi hallarına da gətirib çıxarır. Ancaq vahid geyim nümunəvi yarış meydanını xatırladır. Bu nümunəvi yarışın forması həm sosial bərabərliyi, həm də nümunəvi davranışın ümumi və yaxşı cəhətlərini ortaya çıxarır. Bu baxımdan düşünmək lazımdır ki, Nazirlər Kabinetinin bu qərarı məktəbdə dünyəviliyin, dünyəvi təhsilin həm keyfiyyətcə, həm də forma etibarilə məzmunu ilə sıx adekvatlıq təşkil edir. Bu, həm də bizim ali qanunumuza olan hörmətdir və o, özündə dünyəviliyin yalnız məzmununun deyil, həm də formasının nədən ibarət olmasını ortaya qoyur. Bu forma ilə məzmun həmişə bir-biri ilə bağlı məsələlərdir. Forma ilə məzmunu bir-birindən ayırmaq olmaz. Bunlar adekvatlıq təşkil edir. Bu baxımdan vahid forma və daha məzmunlu, geniş bilikli məhsulların gələcəkdə üzə çıxması daha yaxşı tendensiyadır, nəinki əksinə".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən