“Azərbaycan sizin diktənizlə idarə olunmur!” - Türkiyəyə sərt ETİRAZ
“Türkiyə mediasında və bəzi sosial media seqmentlərində Azərbaycanın və Azərbaycan hakimiyyətinin qərəzli şəkildə hədəf alınması qəbuledilməzdir və belə halların davam etməsi qardaşlıq ruhuna qətiyyən uyğun deyil. Azərbaycan müstəqil və suveren dövlətdir və daxili, xarici siyasətini də özü müəyyənləşdirir”.
Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov bildirdi.
“Azərbaycan cəmiyyəti olaraq gözləntimiz ondan ibarətdir ki, qardaş ölkədə Azərbaycana qarşı başlanan kampaniya dayandırılsın və qardaşlıq münasibətlərinə xələl gətirəcək addımlardan çəkinilsin. Təəssüflər olsun ki, bunun əksi baş verir. Türkiyə hakimiyyətini təmsil edən bəzi şəxslərin, həmçinin ictimai nümayəndələrin Azərbaycanın daxili işlərinə kobud müdaxiləsinə yol verilir. Bakı heç vaxt Türkiyənin daxili işlərinə qarışmayıb və onun suveren hüquqlarına hörmətlə yanaşıb. Eynisini də Ankara etməlidir. Nəzərə almaq lazımdır ki, Şərqdə ilk demokratik cümhuriyyəti yaradan da, qadınlara geniş hüquqlar, o cümlədən seçki hüququ verən də Azərbaycan xalqı olub”, - o qeyd etdi.

Siyasi şərhçi əlavə etdi ki, İslam etiqadına və milli adət-ənənələrə bağlı olan xalqımızın və dövlətimizin yad ideoloji ünsürlərdən qorunmaq haqqı var:
“Kimsə, hətta qardaşımız olsa belə, bizə diktə edə bilməz. Bizə böyük qardaş münasibəti deyil, bərabərlik və qarşılıqlı hörmət üzərində qurulan, ortaq maraqların təmin edilməsinə xidmət edən münasibətlər lazımdır. Hesab edirəm ki, Türkiyə hakimiyyəti öz iradəsini hansısa ad altında və ya formada həyata keçirməyə çalışmamalı, Türk birliyinə düşmən olan qüvvələrə fürsət verməməlidir. Ümid edirəm ki, təmkinlə, səbrlə və ayıqlıqla bu prosesi də adlamaq mümkün olacaq. Bunun üçün də ilk növbədə Türkiyədə bəzi dairələr tərəfindən başladılan xoşagəlməz kampaniya dayandırılmalıdır”.
Aytəkin TOFİQQIZI













