“Məktəb yandırmağa çağıranlar Azərbaycanı sevməyənlərin çörəyinə yağ çəkir” - SƏRT AÇIQLAMA
Son günlər məktəblərdə qeydə alınan aqressiya, şiddət, zorakılıq və təxribat halları, eləcə də digər qanun pozuntuları cəmiyyətdə ciddi narahatlıq və müzakirələrə səbəb olur.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, hal-hazırda məktəblərdə vahid məktəbli forması qərarına qarşı çıxanlar var.
Müsahibimiz düşünür ki, etiraz edənlərin bir qisminə xaricdən təkan verilir:
"Sındırma, yandırma, məktəb direktorunun maşınını yandırmaq kimi çağırışlar və yaxud da etirazlar doğru etiraz deyil. Dövlətin verdiyi qərara qarşı etiraz edə bilərsən, amma bu etiraz maşını, məktəbi yandırmaqla, məktəbin şüşəsini sındırmaqla, dövlət malına zərər verməklə etmək olmaz. Yəni belə bir etiraza qətiyyən yol verilməzdir. Mən düşünürəm ki, etiraz edənlər Azərbaycanı sevməyənlərin çörəyinə yağ çəkir. Ona görə də mən qətiyyən bunun tərəfdarı deyiləm. Dövlət tərəfindən bir qərar verilib, qanun var və bu qanun hər kəs üçün bərabərdir, hər kəs bu qanuna riayət etməlidir. Alternativ yollar tapılmalıdır və riayət olunmalıdır. Düzdür, bəlkə də bəzi kəsimlər üçün bu çətin ola bilər, amma bu da var ki, bu reallıqdır ki, qanun qəbul olunarkən hər kəs üçün eyni şəkildə bərabər olur. Hər kəs üçün bərabərhüquqlu olaraq qanun verilir. Ona görə də hesab edirəm ki, verilən qanun hər kəs üçün eynidir. Burada bir kütləyə müəyyən güzəştin tətbiq olunması, digərinə olunmaması sabah başqa kütlənin də başqa şey istəməsinə səbəb ola bilər. Yəni bu da istər-istəməz artıq həmin qanunun keçərsizliyini ortaya qoymuş olar".
Onun sözlərinə görə, əgər məktəbli geyimi hər kəs tərəfindən keçərlidirsə, riayət olunmalıdır, bir yolu tapılmalıdır:
"Çıxış yolu etiraz edib hər hansı bir dövlət malına və yaxud kimsənin malına zərər vurmaq deyil. Yəni bu zərər vurulduğu təqdirdə yenə də o aqressiya ilə qarşı addım atanların hər biri qanun qarşısında cavab verəcək, məsuliyyətə cəlb olunacaq və daha ağır fəsadlar olacaq.
Ona görə də düşünürəm ki, bu istiqamətdə vətəndaşlarımız təmkinli olmalıdır, hər hansı bir xaricdən çağırışlara qulaq verməməlidir, qanunsuz etirazlara qətiyyən qarışmamalıdır".
Aytəkin TOFİQQIZI













