Məktəblərə hücum edən, şagirdləri yaralayan şəxsləri hansı CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Nazirlər Kabinetinin məktəbli forması ilə bağlı qərarından sonra bəzi məktəblərdə gərginlik və iğtişaş halları qeydə alınıb. Məktəblərə hücum edilməsi, sinif otaqlarına daş atılması nəticəsində şagirdlərin xəsarət alması, məktəblərin qapı və pəncərələrinin sındırılması, təhsil müəssisələrinin digər əmlakına zərər vurulması, hətta sinif otağının yandırılmasına cəhd edilməsi ciddi narahatlıq doğurur. Məktəbli geyimi ilə bağlı narazılıqların bu cür zorakılıq və qanun pozuntuları ilə müşayiət olunması bir sıra hüquqi suallar yaradır.
Bəs məktəblərə hücum edən, sinif otaqlarına daş atan, şagirdlərin xəsarət almasına səbəb olan, təhsil müəssisələrinin əmlakını dağıdan və yandırmağa cəhd göstərən şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında vəkil Cavanşir Qasımzadə bildirdi ki, hüquq elmində belə əməllərə müxtəlif aspektlərdən yanaşmaq lazımdır:
“Təbii ki, həmin əməlləri törədən şəxslər bir neçə məcəllənin müxtəlif maddələri ilə məsuliyyət daşıya bilərlər. İlk növbədə, bu əməllər xuliqanlıq kimi qiymətləndirilə bilər. Belə hallarda şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb oluna bilərlər. Həmin əməllər nəticəsində insanların sağlamlığına qəsdən və ya ehtiyatsızlıqdan zərər vurulması halı da ortaya çıxa bilər. Bu zaman sağlamlığa zərər vurma ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məsuliyyət məsələsinə baxılmalıdır. Ağırlaşdırıcı halları da nəzərə almalıyıq. Məsələn, 221-ci maddə baxımından şəxslərin silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə edib-etmədiyi, əməllərin kimlərə qarşı törədildiyi araşdırılmalıdır. Bu hallar hüquqi qiymətləndirmə zamanı ağırlaşdırıcı hal kimi nəzərə alına bilər".

Hüquqşünasın sözlərinə görə, sağlamlığa qəsdən və ya ehtiyatsızlıqdan zərər vurma əməlləri ilə bağlı da əlavə məqamlar araşdırılmalıdır:
"Əməllərin yetkinlik yaşına çatmayan şəxslərə qarşı törədilib-törədilməməsinə diqqət yetirilməlidir. Bu hal da müvafiq hüquqi qiymətləndirmə baxımından əhəmiyyət daşıya bilər. Bundan başqa, həmin şəxslər mülki məsuliyyət də daşıya bilərlər. Dəymiş zərərlə bağlı həm məktəbə və dövlətə vurulmuş zərər, həm də ayrı-ayrı şəxslərin sağlamlığına və digər hüquqla qorunan mənafelərinə dəymiş zərər nəzərə alınmalıdır. Şəxslər vurduqları zərərin əvəzini kompensasiya şəklində ödəməyə də borclu ola bilərlər”.
NURİYYƏ













