“Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir” - Vüqar Bayramov
“Azərbaycan dünyəvi dövlətdir. Eyni zamanda, Azərbaycan İslam dəyərlərinə hörmət edən və onları qoruyan dövlətlərdən hesab olunur. Bu, dəfələrlə həm cənab prezidentin çıxışlarında, müqəddəs bayram günləri ilə bağlı müraciətlərində, həm də Azərbaycanın təşkil etdiyi tədbirlərdə əksini tapıb”.
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov dedi.
“Heç bir halda Azərbaycanın daxili işlərinə müdaxilə qəbul edilə bilməz və buna yolverilməzdir. Bu məsələlər Azərbaycan dövlətinin hüquqi çərçivəsində, xüsusən də Azərbaycan qanunvericiliyinə uyğun olaraq qiymətləndirilir. Təbii ki, bu müdaxilələri və təxribatları həyata keçirən şəxslərin əməllərinə də hüquqi qiymət veriləcək", - deyə o bildirdi.
Millət vəkili təəəssüflə qeyd etdi ki, bir sıra ölkələrdən də müdaxilələri müşahidə edirik:
"Həm sosial şəbəkələr vasitəsilə, həm də digər formalarda müdaxilələr müşahidə olunmaqdadır. Çox təəssüf ki, müşahidələr göstərir ki, bunlar sistemli və şəbəkələşmiş şəkildə həyata keçirilən müdaxilələrdir. Bu, xüsusən də bir neçə sosial şəbəkə platformasında müşahidə olunur.
Xüsusən X platformasında və feysbukda xarici ölkələrdən olan şəxslərin paylaşımlarını müşahidə edirik. Amma Azərbaycan xalqı cənab prezidentin yanındadır və heç bir halda bu həmrəyliyi hər hansı xarici müdaxilə və ya xarici təxribat sarsıda bilməz. Xüsusən də Azərbaycan dünya birliyinin dəyərlərinə hörmət edən ölkə olaraq, məhz beynəlxalq prinsiplərə uyğun şəkildə idarəetməni davam etdirir”.
Aytəkin TOFİQQIZI













