“Niyə İrandan söhbət gedəndə susursunuz?!” – “Traktor”dan Türkiyəyə SƏRT SÖZLƏR
İranın Təbriz şəhərini təmsil edən “Traktor” futbol klubunun səhifəsində Azərbaycanda hicabla bağlı müzakirələrə və İranda yaşayan türklərin dil hüquqlarına dair paylaşım edilib.
Redaktor.az xəbər verir ki, paylaşımda İranda 40 milyona yaxın türkün yaşadığı, lakin 100 ildən artıqdır məktəblərdə türk dilində təhsilin qadağan edildiyi bildirilib.
Qeyd olunub ki, İranda yaşayan türklər öz ana dillərində danışmaq, övladlarına türkcə ad qoymaq, şirkət və mağazalara türkcə ad vermək imkanından məhrumdurlar. Paylaşımda ölkədə yalnız fars və ərəb dillərinin qəbul edildiyi, hətta prezidentin belə öz ana dilində danışmasına çətinliklə icazə verildiyi vurğulanıb.
“Traktor” FC-nin səhifəsində Azərbaycanda hicabla bağlı müzakirələrə münasibət bildirilib və bu məsələyə görə Türkiyədəki bəzi şəxslərin Azərbaycana qarşı mövqe tutması tənqid olunub.
“Amma Azərbaycanda bir həftədir hicab qadağası var deyə hamınız öz qardaşlarınıza qarşı düşmən olmusunuz! Amma 100 ildir İranda müsəlman türklərə qarşı həyata keçirilən assimilyasiyaya səsiniz çıxmır!” – deyə paylaşımda qeyd olunub.
Paylaşımın sonunda müsəlmanların hüquqlarını müdafiə etdiklərini bildirən şəxslərə suallar ünvanlanıb:
“Müsəlman insanların hüquqları sizin üçün bu qədər vacibdirsə, insanlıqdan bu qədər dəm vurursunuzsa, buradakı insanlar müsəlman deyilmi? Niyə söhbət İrandan gedəndə susursunuz?!”
Göründüyü kimi, Təbriz klubu da Azərbaycana qarşı Türkiyədən edilən, qardaşlığa sığmayan təbliğatlara dözməyərək bəyanat yaymalı olub.
100 ildir İranda türklüyə və Azərbaycan türk dilinə qarşı qadağa var, uşaqlar ana dilində təhsil ala bilmirlər – türklükləri boğulur, amma Türkiyənin səsi çıxmır.
Azərbaycan öz məktəblərini kənar ideoloji təsirlərdən qorumaq üçün addım atanda Türkiyə İran mollalarına qoşulub Azərbaycana qarşı addımlar atır.
Belə çıxır ki, özünü Türk dünyasının lideri kimi qələmə verməyə çalışan Türkiyə İranın molla ideologiyasını türklükdən üstün tutur?













