"Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur" - Politoloq
“Azərbaycan-Türkiyə münasibətləri adi qonşuluq münasibətləri deyil. Bu əlaqələr tarixi bağlara, xalqların yaxınlığına və strateji müttəfiqliyə əsaslanır. Ona görə də son günlər baş verənlər fonunda Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur”.
Bunu Redaktor.az-a açıqlamasında politoloq Çingiz Şahbazi dedi.
Onun sözlərinə görə, media və sosial şəbəkələr vasitəsilə yayılan açıqlamalar iki ölkə arasında gərginliyin yaranmasına səbəb olub. Azərbaycan hökumətinin məktəbli forması və hicabla bağlı tətbiq etdiyi yeni qaydalar ətrafında yaranan mübahisələr də münasibətlərə təsirsiz ötüşməyib.
“Türkiyənin hakim AK Partiyasının deputatlarının və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Oktay Saralın bu məsələ ilə bağlı açıqlamaları, bunun ardınca isə Yeni Azərbaycan Partiyasının (YAP) və Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Türkiyədəki bəzi siyasətçilərin açıqlamalarını tənqid etməsi və Azərbaycanın daxili işlərinə qarışılmamasını tələb etməsi, əlbəttə ki, iki ölkə arasında münasibətlərin son dövrlərin ən gərgin mərhələlərindən birinə daxil olması kimi qiymətləndirilə bilər. Əslində, hicab məsələsi Türkiyənin özündə də zaman-zaman həssas və siyasi mövzu olub”.
Müsahibimiz vurğuladı ki, bu gün də Türkiyə cəmiyyətində hicabla bağlı mübahisəli məqamlar yaşana bilir:
“Bu baxımdan, verilən mesajlar Türkiyənin daxili auditoriyasına da hesablanmış ola bilər. Əslində, bu kimi məsələlər Türkiyə hökuməti tərəfindən artıq həllini tapıb. Biz də Azərbaycan cəmiyyəti olaraq Türkiyə modelindən istifadə edə bilərik. Bu, Azərbaycan cəmiyyətində baş verən mübahisələrin qarşısını almaq üçün ən məqbul variant hesab edilə bilər.
Bu səbəbdən hesab edirəm ki, Ankara ilə açıq qarşıdurmaya getmək əvəzinə, məsələni diplomatik kanallarla həll etmək lazımdır. Hər iki ölkə müdafiə, təhlükəsizlik və regional siyasət sahələrində əməkdaşlıq edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaranmış vəziyyətin açıq qarşıdurmaya çevrilməsinin bu əlaqələrə zərər verə biləcəyindən ehtiyat edir və bu səbəbdən susqunluq nümayiş etdirir.
Bu baxımdan hesab edirəm ki, ayrı-ayrı siyasətçilərin, hətta onların böyük əksəriyyəti hakimiyyəti təmsil etsə belə, verdikləri açıqlamalar Türkiyə dövlətinin rəsmi mövqeyini ifadə etməyə bilər. Prezident Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Hakan Fidanın açıqlamaları bu istiqamətdə Türkiyənin rəsmi mövqeyi kimi qəbul ediləcək.
Heç şübhəsiz ki, “bir millət, iki dövlət” prinsipi qarşılıqlı hörmətə və suverenliyə ehtiramla yanaşmağa əsaslanmalıdır. Bu baxımdan, bir neçə siyasətçinin açıqlamaları iki ölkə arasında gərginliyin yaranmasına səbəb olmamalıdır”.
Aytəkin TOFİQQIZI













