Ərdoğanın baş müşavininin Azərbaycanın daxili işlərinə qarışması yolverilməzdir - Deputatdan ETİRAZ

 11:27 15.10.2026     141

“Deməzdim ki, bütün Türkiyədə Azərbaycanla bağlı hansısa aksiyalar keçirilir. Müəyyən bir qisim öz gücünü küçələrə çıxmaqla, sosial şəbəkələrdə göstərməyə çalışır. Birincisi, sosial şəbəkələrdə olanların az bir qismi öz adını və statusunu göstərir. Digərlərinin isə hansısa mərkəzlər tərəfindən yüzlərlə iştirakçı səhifəsi yaradaraq bunun kütləvilik təəssüratını formalaşdırmağa çalışması mümkündür”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirdi.

“Əlbəttə ki, hətta bir nəfər tanınmış şəxsin belə Azərbaycanın daxili işlərinə qarışmaqla bağlı bəyanatı yolverilməzdir. Azərbaycan heç vaxt digər ölkələrin daxili işlərinə qarışmayıb və bundan sonra da qarışmayacaq. Digər ölkələrdən də bunu gözləyirik. Qardaş və dost ölkələrdən, ümumiyyətlə, göstərdiyimiz dostluğun səmimiyyətinin qarşılığını gözləyirik.

Türkiyədən həmişə xoş münasibət görmüşük. Dünən Türkiyənin keçmiş baş naziri, keçmiş parlament sədri, Türkiyənin hakim partiyasının sədr müavini Binəli Yıldırım Azərbaycan haqqında xoş sözlər bildirib və Azərbaycanla münasibətləri yüksək qiymətləndirib”, - deyə o qeyd etdi.

Millət vəkili vurğuladı ki, Türkiyə Prezidentinin baş müşaviri vəzifəsini tutan bir şəxsin Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilə biləcək bəyanatla çıxış etməsi yolverilməzdir:

“Mən hesab edirəm ki, bu məsələlərə Türkiyə hakimiyyəti özü aydınlıq gətirməli, bununla bağlı daxili araşdırma aparmalıdır. Azərbaycan öz daxili və xarici siyasətini suverenliyimizə və milli maraqlarımıza uyğun olaraq qurur. Bu məsələdə kiminsə kənardan məsləhət verməsinə, daxili işlərimizə qarışmasına heç vaxt yol verə bilmərik”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən