Ərdoğanın müşavirinə sərt CAVAB: "Azərbaycan Türkiyə deyil"
“Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən, məktəblərdə hicabın taxılmasına qadağa qoyulub. Hesab edirəm ki, bu, çox düzgün qərardır və biz bunu çoxdan etməli idik. Ancaq bəzi fars molla rejiminin təsiri altında olan insanlar, valideynlər bunu qəbul etmək istəmir, narazılıqlarını bildirirlər. Hesab edirəm ki, zamanla onlar da bunu dərk edəcək, uşaqlarının gələcəyinin daha yaxşı olması üçün bu inadlarından əl çəkəcəklər”.
Bunu Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov dedi.
Onun sözlərinə görə, sosial media seqmentində Türkiyədə Azərbaycana qarşı aparılan bu informasiya hücumları heç cür qəbul edilə bilməz:
“Çünki Azərbaycan sivil dövlətdir, Azərbaycanda din dövlətdən ayrıdır və Azərbaycan öz qanunları ilə idarə olunur. Azərbaycanla Türkiyə qardaş ölkələr olsa da, bir millət, iki dövlət olsa da, Azərbaycan Konstitusiyası ayrıdır, Türkiyənin Konstitusiyası ayrıdır. Hədəflərimiz birdir: inkişaf, qardaşlığımızı daha da möhkəmləndirmək. Ancaq bu, Azərbaycanın daxili işlərinə qarışmaqla olmamalıdır. Bizə 70 il ruslar böyük qardaşlıq etdi və biz bunun nə olduğunu gördük. Ancaq Türkiyədə müəyyən qüvvələrin bizə yol göstərməsi heç cür qəbul edilə bilməz. Bu, Azərbaycanın daxili işidir, Azərbaycanın öz vətəndaşlarına münasibətidir, qayğısıdır, dəstəyidir, gələcək nəsilləri üçün atdığı addımlardır. Buna ən yüksək səviyyədə etiraz edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın Azərbaycana yol göstərməsi heç cür qəbul ediləsi deyil.
Biz bilirik ki, Türkiyədə dinə bağlı, inancı olan insanlar çoxdur. O cümlədən, prezidentin özü namaz qılır, Allah qəbul etsin, həyat yoldaşı başıbağlıdır. Biz buna hörmətlə və sayğıyla yanaşırıq. Ancaq bir daha bildirirəm ki, Azərbaycan Türkiyə deyil. Azərbaycan dünyəvi dövlətdir, Azərbaycanda dinə hörmət və inanc var, biz bunları qəbul edirik. Ancaq bizə necə və nə cür yaşamağı heç kəs öyrədə bilməz. Biz də onların bu sözlərini qəbul edən deyilik. Hesab edirəm ki, bunlar yaxın zamanda keçib gedəcək və onlar səhvlərini dərk edəcəklər. Bizim dostluğumuza, qardaşlığımıza heç nə xələl gətirə bilməz”.
Siyasi şərhçi qeyd etdi ki, hakimiyyətlər müvəqqətidir:
“Bu gün bir hakimiyyətdir, sabah başqa hakimiyyət olacaq. Ancaq xalq, türk xalqı birdir, bizim kökümüz birdir, canımız birdir, qanımız birdir. Bizi ayıra bilməzlər. Ona görə hesab edirəm ki, onların bu yanlış hərəkəti tezliklə dayanacaq və onlar başa düşəcəklər ki, Azərbaycan onlar üçün yad ölkə deyil, qardaş və dost ölkədir. Azərbaycanın öz daxili qanunları, öz Konstitusiyası var və biz də bu qanunlarla idarə olunuruq.
Hesab edirəm ki, hicab məsələsinin son illərdə artmasının səbəbi məhz fars molla rejiminin təbliğatı olub və biz bunu gec də olsa başa düşürük. Şagirdlərimizin təhsildən yayınmaması, təhsilin daha yaxşı davam etdirilməsi və məktəbdə fərqlənməmələri üçün hamısının eyni məktəbli formasında olmasını xalqın 95 faizinin istədiyini hesab edirəm. Müəyyən bir qisim var ki, onlar da, hesab edirəm, öz səhvlərini başa düşəcəklər”.
Aytəkin TOFİQQIZI













