"65 yaşdan sonra vəzifədə qalmağın səbəbi açıqlanmalıdır" - Əli Hüseynli
"Bildiyimiz kimi, qanunvericiliyin 519-cu maddəsi mövcuddur və tətbiq edilir. Müxtəlif sahələrdə çalışan şəxslər üçün yaş hədləri fərqlidir. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan şəxslərin, dövlət qulluqçularının, xüsusi dövlət qulluğunda olan şəxslərin, hüquq-mühafizə orqanları əməkdaşlarının və hərbi qulluqçuların yaş hədləri 60, 65 və ya 70 yaş ola bilər".
Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Əli Hüseynli Milli Məclisin plenar iclasında bildirdi.
Onun sözlərinə görə, ancaq burada əsas müzakirə dövlət qulluğu və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan dövlət qulluqçuları ilə bağlıdır:
"Təklifdən belə anlaşılır ki, məcəllədə nəzərdə tutulan şərtlər, yəni 65 yaş həddinin tətbiqi məsələsi müəyyən hallarda fərqli qaydada tənzimlənə bilər. Hesab edirik ki, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt bu şərtləri çox dəqiq və konkret şəkildə müəyyən etməlidir. İlk növbədə, dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi və dövlət qulluqçusunun peşəkar fəaliyyətinin nəticələri əsas götürülməlidir. Bu meyarların hər ikisi açıq və aydın olmalı, dövlət orqanlarının rəhbərləri üçün konkret qiymətləndirmə imkanları yaratmalıdır.
Dövlət qulluqçusunun fəaliyyətinə xitam verilməsi, ixtisara düşməsi və ya digər əsaslarla vəzifədən azad edilməsi məsələlərində də aydın meyarlar olmalıdır. Eyni zamanda, dövlət qulluğunda çalışan şəxslər arasında seçim edilərkən bir şəxsin digərindən üstün tutulmasının səbəbləri konkret şəkildə əsaslandırılmalıdır. Əks halda, 65 yaşına çatmış şəxsin nə üçün fəaliyyətini davam etdirməsinə icazə verildiyi ilə bağlı suallar və şübhələr yaranacaq. Qeyd etmək istəyirəm ki, dövlət qulluğu ilə bağlı qanun qəbul edildikdən sonra bu sahəyə aid olan, o cümlədən dövlət büdcəsindən maliyyələşən digər müəssisələrdə yaş həddinin artırılması zamanı subyektiv yanaşmaların qarşısını almaq üçün müvafiq hüquqi normaların daha dəqiq müəyyənləşdirilməsi vacibdir. Bu sahədə konkret, aydın və şübhələrə yer qoymayan meyarların müəyyən edilməsi qaçılmazdır".
NURİYYƏ













