Hərbi ekspertdən Türkiyəyə: "Azərbaycanın şərəf və ləyaqətini alçaltmaq olmaz"
"Son zamanlar baş verənlər təəssüf hissi doğurur. Türkiyə-Azərbaycan qardaş ölkələrdir, bir millət, iki dövlətdir, biz strateji müttəfiqik, Türk Dövlətləri Təşkilatında da yüksək səviyyədə təmsil olunuruq. Həm siyasi, həm hərbi, həm iqtisadi əməkdaşlığımız var, humanitar əməkdaşlığımız var, tarixi köklərimiz var. Təəssüflər olsun ki, Türkiyədə də bir qrup bu fəaliyyəti həyata keçirir".
Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli dedi.
Onun sözlərinə görə, Türkiyədən xarici işlər naziri Hakan Fidan da, MHP-dən Dövlət baxçalı, ayrı-ayrı partiya rəhbərləri də, eyni zamanda, hərbi yönümlü heyətlərin rəhbərləri də ilk olaraq çağırışlar etdilər:
"Ancaq bu, sanki səngimək bilmir. Eyni zamanda, təəssüf hissi doğurur. Bu məsələlərə birdəfəlik son qoymaq lazımdır. Başqa ölkələrdə olsa, bizə təsir etməz, bizim qardaş ölkəmizdə Azərbaycan dövlətinə qarşı bu cür fəaliyyət yolverilməzdir. Biz ayrı-ayrı ölkələrik, hər bir ölkənin özünün siyasəti var və bunu hər kəs qəbul etməlidir. Necə ki, biz qardaş Türkiyənin siyasətinə hörmətlə yanaşırıq. Türkiyə Cümhuriyyəti qurulanda azərbaycanlılar həm maddi, həm də mənəvi dəstək olublar, həmçinin gedib Çanaqqalada döyüşüblər. Sonra İstiqlal savaşında şəhid olan, İstiqlal Medalı alan xeyli sayda azərbaycanlı var. Ulu öndər Heydər Əliyevin bizi bir millət, iki dövlət adlandırdığı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyib.
Həmsöhbətimiz diqqətə çatdırdı ki, Qarabağ savaşında Türkiyənin mənəvi və diplomatik dəstəyi olub:
"Azərbaycan Türkiyədə baş verən zəlzələlər və meşə yanğınları zamanı yüksək səviyyədə dəstək göstərib. Azərbaycanın ən böyük enerji layihələri - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti - hamısı Türkiyə üzərindən keçir. Hesab edirəm ki, bu münasibətlər düzələcək və yoluna düşəcək, amma bu cür hallar yolverilməzdir. Bu halları törədən, Azərbaycan haqqında bu cür təhqiramiz fikirlər irəli sürən şəxslər də mütləq Türkiyə qanunları qarşısında cavab verməlidirlər. Burada şərəf və ləyaqətin alçaldılması var və bu, yolverilməzdir. Biz bunu qəti surətdə pisləyirik".
Aytəkin TOFİQQIZI












