“Dünyəvi dövlətin qanunlarına qarşı çıxmaq dini etiqad azadlığı deyil” - İlahiyyatçıdan AKP hakimiyyətinə TUTARLI CAVAB

 14:00 19.10.2026     188

Azərbaycan məktəblilərin vahid geyim forması ilə bağlı qərar qəbul etdikdən sonra Türkiyədəki nurçu-islamçı AKP hakimiyyətinin təmsilçiləri və onlarla eyni mövqedən çıxış edən qüvvələr ölkəmizə qarşı genişmiqyaslı hücum kampaniyasına başladılar. Azərbaycanda guya qadınlara hicab qadağası qoyulduğu barədə həqiqəti əks etdirməyən iddialar irəli sürüldü, dünyəvi təhsil sisteminin tələbləri dini etiqad azadlığına qəsd kimi təqdim edildi, ölkəmizə və xalqımıza qarşı təhqirlər, hədyanlar yağdırıldı. Bütün bunlar Azərbaycan dövlətinin öz daxili siyasəti çərçivəsində qəbul etdiyi qərarın necə təhrif olunduğunu və təhsil məsələsinin siyasi-dini təzyiq vasitəsinə çevrildiyini bir daha göstərdi.

Dünyəvi dövlətin təhsil qaydalarını İslama qarşı münasibət kimi təqdim etmək nə dərəcədə əsaslıdır? Dünyəviliklə dini etiqad azadlığı arasında hansı hüquqi sərhədlər mövcuddur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, dünyəvi dövlətdə təhsil sistemi də təbii ki, dünyəvi prinsiplərə və dünyəvi hüquqa əsaslanır.

Onun sözlərinə görə, bununla yanaşı, bu mövzuda qəbul edilmiş qanunlara inanc sahiblərinin etiraz etməsi də dinin öz mahiyyətinə zidd olan amildir:

"Çünki dinlər birgə yaşayışı, həmrəyliyi, sülhü və vəhdəti tərənnüm edir. Dinlərin mahiyyətində hər məsələyə etiraz etmək, qəbul edilmiş dünyəvi qanunlara dərhal üsyankar münasibət göstərmək kimi yanaşma yoxdur. Eyni zamanda dinlərin sağlam qalması və mötədil şəkildə fəaliyyət göstərməsi üçün siyasətdən uzaq olması vacibdir. Bunu tarix və təcrübə də sübut edib. Ölkəmizdə dünyəvi dövlətin təhsil qaydalarının İslama zidd kimi qələmə verilməsi xarici təsirlərdən və bəzi şəxslərin dünyəvi dövlət quruluşunun mahiyyətini tam dərk etməməsindən irəli gəlir. Təəssüf ki, inanc sahibi olan insanların bir qismi vaxtilə xaricdə təhsil almış və həmin ölkələrin dini modelini ölkəmizə gətirmiş şəxslərin təsiri ilə bu qənaətə gəlib.

Ona görə də həmin şəxslər bəzən teokratik, yəni dini dövlət ideologiyasına əsaslanan ölkələrin dini modelini Azərbaycanda da görmək istəyirlər. Sanki müqayisə apararaq deyirlər ki, filan teokratik ölkədə, məsələn, Əfqanıstanda və ya İranda vəziyyət belədirsə, Azərbaycanda da eyni qaydalar tətbiq olunmalıdır. Bu, həm həmin şəxslərin dünyəvi dövlət anlayışını tam qavramamasından, həm də qeyd etdiyim kimi, vaxtilə xarici ölkələrdə təhsil almış, siyasi təlim görmüş şəxslərin ölkəmizə qayıdaraq din xadimi, ilahiyyatçı kimi fəaliyyət göstərməsinin mənfi nəticələrindən irəli gəlir".

İlahiyyatçı vurğuladı ki, bu cür manipulyasiyalara yol verilməməlidir:

"Dünyəvi dövlətin təhsil qaydalarının tərkib hissəsi olan vahid geyim formasının tətbiqini İslama qarşı yönəlmiş addım kimi qiymətləndirmək həm hüquqi baxımdan yanlışdır, həm də dini baxımdan yolverilməzdir. Bu kimi məsələləri anlayışla və dözümlə qarşılamaq lazımdır. Dinin özündə də dövlət qanunlarına tabe olmaq tövsiyə edilir. Məlumdur ki, Azərbaycan dövləti bütün dinlərə və inanclara bərabər yanaşır. Bu da onu göstərir ki, dünyəviliklə dini etiqad azadlığı arasında hər hansı müəmmalı və ya həllolunmaz problem yoxdur. Dövlət öz siyasətində tolerantlığın qorunmasını müdafiə edir, dini abidələrin abadlaşdırılmasına, mövcud dini inancların, konfessiyaların və dini icmaların birgə, sülh və əmin-amanlıq şəraitində fəaliyyət göstərməsinə təşviq edir, bunun üçün imkan daxilində şərait yaradır.

Ancaq unutmamalıyıq ki, ölkəmizdə dini etiqad azadlığı olduğu kimi, Azərbaycan həm də dünyəvi dövlətdir. Bəziləri dini etiqad azadlığını dünyəvi dövlət sistemi ilə uzlaşdırarkən bundan yanlış nəticələr çıxarırlar. Onların fikrincə, dini etiqad azadlığı varsa, deməli, hər kəs öz inancına aid atributları və dini ayinləri bütün dövlət müəssisələrinə gətirə bilər. Lakin bu zaman dinin dövlətdən ayrı olması prinsipini unudurlar. Konstitusiyamızda da dinin dövlətdən ayrı olduğu qeyd edilir. Bu o deməkdir ki, insan özəl müəssisələrdə, evində, ibadət ocağında və ziyarətgahda dini atributlardan geniş şəkildə istifadə edə bilər. Ancaq dövlətin birbaşa tabeliyində və nəzarətində olan müəssisələrdə, məsələn, hərbi xidmət zamanı, məktəblərdə və digər sahələrdə müəyyən qaydalar nəzərdə tutulur. Çünki məktəblərdə təhsil icbaridir və burada ümumi qaydalara riayət olunmalıdır".

Müsahibimiz xüsusilə vurğuladı ki, söhbət dinin məhdudlaşdırılmasından getmir. Tural İrfanın sözlərinə görə, bu gün ölkəmizdə dövlət müəssisələrində çalışan və eyni zamanda ibadətlərini yerinə yetirən, dinin vacib buyurduğu əmrlərə əməl edən çoxlu insan var:

"Lakin dini atributlardan istifadə həmin dövlət müəssisəsində qəbul edilmiş prinsiplərlə ziddiyyət təşkil edirsə, bu atributlardan istifadəyə dair müəyyən edilmiş qaydalara riayət olunmalıdır. Məsələn, həkim namaz qıla, ibadət edə bilər. Eyni şey digər sahələrdə çalışan mütəxəssislərə də aiddir. Ancaq heç kim çalışdığı müəssisəni dini təbliğat məkanına çevirə bilməz. Dövlət müəssisəsində dini təbliğat aparmaq, xarici təsirləri yaymaq, məzhəbçilik və xurafat kimi hallara zəmin yaratmaq, yaxud dini atributların təbliği ilə məşğul olmaq yolverilməzdir. Orta məktəblərdə vahid geyim formasının tətbiqi də bu baxımdan müəyyən məqsədlərə xidmət edir. Məqsəd müxtəlif inanclara mənsub şagirdlərin vahid geyimdə olması, sosial bərabərliyin qorunması, eyni zamanda dinlərin tərənnüm etdiyi vəhdət və tolerantlıq prinsiplərinin dəstəklənməsidir. Əks halda, hər kəs öz inancına uyğun fərqli geyim seçə bilərdi. Bu isə şagirdlər arasında fərqliliklərə və ziddiyyətlərə səbəb ola bilərdi. Eyni zamanda, bəzi şagirdlər daha açıq-saçıq geyimlərə üstünlük verə, bu da digər şagirdlər arasında narazılıq yarada bilərdi. Ümumi geyim qaydalarının müəyyənləşdirilməsi belə halların qarşısını almağa xidmət edir".

Müsahibimizin fikrincə, dini etiqad azadlığı heç də özbaşınalıq demək deyil:

"Bəziləri bu azadlığı insanın istədiyi yerdə, istədiyi formada davranmaq hüququ kimi qəbul edirlər. Halbuki belə bir yanaşma düzgün deyil. Eyni zamanda dünyəvi dövlət o demək deyil ki, bütün dini tələblər və inanclardan irəli gələn qaydalar dövlətin qanunlarına əlavə edilməlidir. Bu məsələni də düzgün qiymətləndirmək lazımdır. Ümumiyyətlə, hesab edirəm ki, dünyəvi dövlətdə din daha mötədil və sağlam şəkildə yaşaya bilir. Çünki burada dini etiqadla bağlı məcburiyyət yoxdur. Heç kim başqa bir şəxsi öz inancını dəyişməyə məcbur edə bilməz. Dini etiqad azadlığı məhz bunu nəzərdə tutur. Hər bir vətəndaş müəyyən dinə inana, inanmaya, onu qəbul etməyə və ya inkar etməyə, yaxud başqa dinə keçməyə bilər".

T.İrfan bir daha xatırlatdı ki, Azərbaycan Respublikasının qanunlarına görə bütün dini mənsubiyyətlərə malik insanlar bərabər hüquqludurlar.

"İrqindən, milliyyətindən, inancından və dinindən asılı olmayaraq, hər kəs Azərbaycan vətəndaşıdır. İnsanların istədikləri dinə etiqad etməsi də dini etiqad azadlığının tərkib hissəsidir. Ancaq insanların etiqadlarından və inanclarından irəli gələn ibadət formaları, ayinləri, atributları və xüsusi geyimləri ilə bağlı məsələlər var. Bu atributları və geyimləri istənilən formada məktəb kimi dövlət müəssisələrinə gətirmək olmaz. Çünki bu, dövlətin müəyyən etdiyi qaydalara müdaxilə deməkdir. Əvvəldə də qeyd etdiyim kimi, inanc sahibi olan insanlar Azərbaycan Respublikasının dünyəvi dövlət olduğunu və burada qəbul edilən qanunların dünyəvi prinsiplərə əsaslandığını tam məsuliyyətlə dərk etməlidirlər. Həmin qanunlara qarşı çıxmaq, əslində, dövlətin hüquqi prinsiplərinə, o cümlədən dini etiqad azadlığını təsbit edən Konstitusiyaya zidd mövqe sərgiləmək deməkdir.

Hesab edirəm ki, bu məsələdə müəyyən anlaşılmazlıq mövcuddur. Sərhədlərin dəqiq müəyyənləşdirilməsi üçün ölkəmizdə, xüsusilə din sahəsindəki boşluqlar aradan qaldırılmalı, ardıcıl və sistemli maarifləndirmə işi aparılmalıdır. Xarici təsirlərin qarşısının alınması ilə yanaşı, sağlam dini maarifləndirməyə də diqqət yetirilməlidir. Dövlət-din münasibətləri, inanc sahibi olan insanların davranışı, gündəlik həyatı və təhsil mühiti ilə bağlı məsələlər üzrə maarifləndirici tədbirlər, konfranslar təşkil olunmalıdır. İnsanlar aydın şəkildə başa düşməlidirlər ki, hansı dövlətdə yaşayırlar, onların dövləti dünyəvidir və burada qəbul edilən qanunlar da dünyəvi prinsiplərə əsaslanır. Eyni zamanda, vətəndaşlar xarici təsirlərin təsiri altına düşməməlidirlər", - deyə ilahiyyatçı fikirlərini yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən