TƏBİB-in Nazirliyin tabeliyinə verilməsi: Səhiyyədə inkişafın açarı nədir?

 17:43 20.10.2026     241

Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı fərmana əsasən, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Bəs bu qərar səhiyyə sistemində idarəetmənin səmərəliliyini və tibbi xidmətlərin keyfiyyətini artıracaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramova bildirdi ki, bu prosesin səmərəliliyi aydın hədəflərdən, ölçülə bilən göstəricilərdən, peşəkar əməkdaşlıqdan və davamlı qiymətləndirmədən asılı olacaq.

Onun sözlərinə görə, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə siyasəti ilə tibbi xidmətlərin təşkili arasında koordinasiyanın gücləndirilməsi üçün imkan yarada bilər:

“İlk növbədə, hər bir idarəetmə dəyişikliyinə onun yaratdığı imkanlar və qarşıya qoyduğu məqsədlər baxımından yanaşmaq vacibdir. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə siyasəti ilə tibbi xidmətlərin təşkili arasında koordinasiyanın gücləndirilməsi üçün imkan yarada bilər. Lakin bu imkanın real nəticəyə çevrilməsi həyata keçiriləcək tədbirlərdən, səlahiyyət və məsuliyyət bölgüsündən, idarəetmənin keyfiyyətindən asılı olacaq.

Əsas məsələ qərarın vətəndaşın gündəlik həyatında hansı dəyişikliklərə səbəb olacağı və struktur dəyişikliyinin real nəticələrə çevrilməsidir. Bunun üçün resurslardan səmərəli istifadə, klinik standartların tətbiqi, xidmətlərin keyfiyyətinə nəzarət, peşəkar kadrların inkişafı və nəticələrin ölçülməsi vacibdir”.

Nigar Bayramova səhiyyə sistemində səmərəli idarəetmənin yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmadığını, əməkdaşlıq və qarşılıqlı hesabatlılığın da mühüm rol oynadığını vurğuladı.

“Hər hansı sistemdə uğurlu əməkdaşlıq üçün tərəflərin bir-birini sevməsi və ya bütün məsələlərdə eyni düşünməsi vacib deyil. Əsas məsələ fərqli mövqelərin ortaq məqsəd, aydın məsuliyyət bölgüsü, şəffaf qərarvermə və qarşılıqlı hesabatlılıq əsasında uzlaşdırılmasıdır.

Cəmiyyətin inkişafını yalnız iqtisadi göstəricilər müəyyən etmir. Fərqli düşüncələrə münasibət, tənqidi qəbul etmək bacarığı, fikir ayrılıqlarını müzakirə yolu ilə həll etmək mədəniyyəti də inkişafın mühüm göstəriciləridir. Bu prinsip səhiyyə sisteminə də aiddir.

Səhiyyədə vahid idarəetmə vacibdir. Keyfiyyətli vahid sistem fərqli fikirləri aradan qaldıran deyil, onları daha yaxşı qərarlara çevirə bilən sistemdir. Peşəkar müzakirə, əsaslandırılmış tənqid və yeni təşəbbüslər düzgün idarə olunduqda, sistemin inkişafına xidmət edir”, - deyə dosent bildirdi.

Həkim mərkəzləşdirilmiş idarəetmə ilə bütün qərarların yalnız bir səviyyədə verilməsinin fərqli anlayışlar olduğunu da qeyd etdi. Onun fikrincə, ümumi siyasət və standartlarla yanaşı, sahə mütəxəssislərinin peşəkar rəyi, yerli ehtiyaclar və klinik qərarların xüsusiyyətləri də nəzərə alınmalıdır.

“Effektiv sistemdə səlahiyyətlərin aydın müəyyənləşdirilməsi, qərarların icrasına görə məsuliyyət və nəticələrin obyektiv qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır”, - deyə Nigar Bayramova əlavə etdi.

Uşaq sağlamlığı sahəsində çalışan mütəxəssis bu məsələnin profilaktika və tibbi xidmətlərin əlçatanlığı baxımından da mühüm olduğunu vurğuladı. O bildirdi ki, səhiyyə sisteminin uğuru yalnız müalicə olunan xəstələrin sayı ilə ölçülməməlidir.

“Uşaq sağlamlığı sahəsində fəaliyyət göstərən mütəxəssis kimi mənim üçün bu məsələnin ayrıca əhəmiyyəti var. Səhiyyənin uğurunu yalnız müalicə olunan xəstələrin sayı ilə deyil, xəstəliklərin qarşısının alınması, erkən aşkarlanma, uşaqların sağlam inkişafı və ailələrin ehtiyac duyduqları xidmətlərə vaxtında çıxışı ilə də qiymətləndirmək lazımdır.

Profilaktika, ilkin tibbi yardım, inkişafın erkən qiymətləndirilməsi və regionlar üzrə xidmətlərin əlçatanlığı ümumi səhiyyə strategiyasının mühüm hissəsi olmalıdır.

İstənilən islahatın ən böyük dəyəri onun insanların həyatında yaratdığı müsbət dəyişiklikdir. Səhiyyə sistemində də son nəticə daha əlçatan, təhlükəsiz və keyfiyyətli tibbi xidmət, daha güclü profilaktika və həm pasiyentin, həm də tibb işçisinin ehtiyaclarına cavab verən sistem olmalıdır”, - deyə Nigar Bayramova fikirlərini yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən