Azərbaycanın bu ərazisi qoruq elan edildi - SƏRƏNCAM

 17:06 21.10.2026     280

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xocavənd rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən olan və dünya mədəniyyətinin unikal nümunəsi sayılan Azıx və Tağlar mağara düşərgələrinin tarixi-mədəni irs obyekti kimi qorunmasını, bərpasını və elmi əsaslarla tədqiqini, habelə arxeoloji dəyərlərin yerli və beynəlxalq səviyyədə təbliğini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu (bundan sonra – Qoruq) elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Qoruğun əsasnaməsini təsdiq etsin;

2.1.2. Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etsin;

2.1.3. Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.4. Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görsün;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

3.1. Qoruğun idarə olunmasını təmin etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin."

Vumart və Güvən reklamı Vumart Güvən