Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

 13:27 23.10.2026     58

Aqrar subsidiyaların qanunvericilikdə anlayışının müəyyənləşdirilməsi, fitosanitar nəzarəti ilə bağlı bəzi müddəaların dəyişdirilməsi və bir sıra qanunlarda terminoloji uyğunlaşdırmanın aparılması təklif edilir.

Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, “Büdcə sistemi haqqında” Qanuna “aqrar subsidiya” anlayışı əlavə edilir. Aqrar subsidiya aqrar məhsulların istehsalını stimullaşdırmaq, xərclərin qismən və ya tam kompensasiya edilməsi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına verilən, vergiyə cəlb edilməyən əvəzsiz maliyyə vəsaiti kimi müəyyənləşdirilir.

Dəyişikliklərə əsasən, Mülki Məcəllədə “kənd təsərrüfatı kooperativləri” ifadəsi “aqrar kooperativlər”, “kənd təsərrüfatı kooperasiyası” ifadəsi isə “aqrar sahə” ilə əvəz olunur. Həmçinin kənd təsərrüfatı birliyinə dair müddəanın aqrar kooperativə və ya aqrar sahədə fəaliyyət göstərən ictimai birliyə aid edilməsi təklif olunur.

“Fitosanitar nəzarəti haqqında” Qanuna dəyişikliklər çərçivəsində dövlət fitosanitar xidmətinə dair bir sıra müddəaların və qanunun 6-cı fəslinin ləğvi nəzərdə tutulur. Bundan başqa, “qeyri-dövlət fitosanitar xidməti” ifadəsinin “bitki sağlamlığı üzrə xidmət göstərən fiziki və hüquqi şəxslər” ifadəsi ilə əvəz edilməsi təklif edilir.

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunda da müvafiq terminoloji dəyişikliklərin aparılması nəzərdə tutulur. Belə ki, qanunun bir sıra maddə və fəsillərində “kənd təsərrüfatı” ifadəsinin “aqrar” sözü ilə əvəz edilməsi təklif olunur.

Layihə, həmçinin “Kredit ittifaqları haqqında” Qanunda “Kənd təsərrüfatı kooperasiyası” ifadəsinin “Aqrar sahə” ifadəsi ilə əvəzlənməsini nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən