Yardımlıda 7 ildir yol problemi həll olunmur: “Vəd çoxdur, nəticə yoxdur!” - Sakinlərdən İcra Hakimiyyətinə İRAD
"Biz, Yardımlı rayonunun Şiləvəngə kənd sakinləri, kəndimizin yol probleminin yeddi ildir həll edilməməsinə, dəfələrlə verilən vədlərin yerinə yetirilməməsinə və aidiyyəti vəzifəli şəxslərin müraciətlərimizə baxmayaraq real nəticə ortaya qoymamasına etirazımızı bildirir, bu məsələnin mətbuat vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılmasını zəruri hesab edirik. Çünki yeddi ildir davam edən yol probleminə görə, vəd çoxdur, nəticə yoxdur!"
Bu şikayəti Redaktor.az-a Yardımlı rayonu, Şiləvəngə kənd sakinləri ünvanlayıb. Onların sözlərinə görə, 2019-cu ildə Şiləvəngə kəndinə asfalt yol çəkilişinə başlanılıb. Lakin yol cəmi 1800 metr məsafədə, kəndin girişinə qədər asfaltlaşdırılıb və işlər yarımçıq saxlanılıb. Kəndin əsas yaşayış hissəsi asfalt yolun bitdiyi nöqtədən təxminən 1,2-1,5 kilometr aralıda yerləşdiyindən sakinlərin böyük əksəriyyəti bu gün də palçıqlı, gölməçəli və hərəkəti çətinləşdirən yollardan istifadə etməyə məcburdur.
Sakinlərin sözlərinə görə, bu vəziyyət xüsusilə yağışlı havalarda daha da ağırlaşır. Sakinlər gündəlik gediş-gəliş zamanı ciddi çətinliklərlə üzləşir, uşaqların məktəbə gedib-gəlməsi isə ayrıca narahatlıq doğurur. Kəndin əsas hissəsində yaşayan məktəblilər palçıqlı yollardan keçməli, adi hava şəraitində belə çətinlik yaradan bu yollarda vaxt və enerji itirməli olurlar.
"Məgər kənd sakinlərinin normal yoldan istifadə etmək, uşaqlarını məktəbə rahat və təhlükəsiz şəkildə göndərmək hüququ yoxdur? Bir kəndin yol probleminin həlli üçün yeddi il kifayət etmirsə, vətəndaşlar daha nə qədər gözləməlidirlər? Yeri gəlmişkən, bu 1800 metrlik asfalt yol baxımsızlıq üzündən dağılıb gedir. Səbəbsə, yarımçıq olduğu üçün yolun Yol İdarəsi tərəfindən təhvil alınmamasıdır. Hər halda, bunu Yol İdarəsinin rəhbərliyi belə deyir. Son yeddi il ərzində Yardımlı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dəfələrlə müraciət olunub. Sakinlərə müxtəlif vaxtlarda yol çəkilişi üçün vəsait ayrılmadığı, tender keçirilmədiyi və başqa səbəblərin olduğu bildirilib. Lakin illər keçsə də, nəticə dəyişməyib: yol yarımçıqdır, problem həll olunmayıb, sakinlərin narazılığı isə getdikcə artır.
Nəhayət, bu il bizə yolun davamının asfaltlaşdırılması üçün vəsait ayrıldığı, tenderin keçirildiyi və tikinti işlərinin görülməsi məqsədilə podratçı şirkətlə müqavilə bağlandığı bildirilib. Şirkətin adı isə sakinlərə açıqlanmayıb. Bundan əlavə, sabiq icra başçısı Ayaz Əsgərovun sentyabr ayında kəndimizdə vətəndaşlarla keçirdiyi görüş zamanı başçının özü və müavinləri yaxın günlərdə yolun tam asfaltlaşdırılacağına söz veriblər. Təbii ki, illərdir bu problemi yaşayan sakinlər həmin vədlərə inanaraq yolun, nəhayət, çəkiləcəyini gözləyiblər. Ancaq aylar keçməsinə baxmayaraq, ərazidə heç bir tikinti işinə başlanılmayıb. Yenə vəd verilib, yenə gözləntilər doğrulmayıb, yenə vətəndaşlar cavabsız suallarla baş-başa qalıblar. Görəsən, verilən vədlərin məsuliyyəti kimdədir? Vətəndaşlara söz vermək asandır, bəs həmin sözü əməli işlə təsdiqləmək niyə mümkün olmur?", - deyə şikayətdə qeyd ediblər.
Vətəndaşlar bildirir ki, yol probleminin həlli ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyətinə növbəti müraciətlərindən sonra bu dəfə sakinlərə şifahi şəkildə bildirilib ki, podratçı şirkət yol çəkilişindən imtina edib, tikinti baha başa gəlir və iş şirkət üçün sərfəli deyil:
"Halbuki bundan əvvəl artıq yol çəkən şirkətin texnikalarının rayona gətirildiyini deyirdilər. Bu məlumatlar icra hakimiyyəti nümayəndələri tərəfindən vətəndaşlara şifahi qaydada çatdırılıb. Sakinlərin əlində şirkətin rəsmi imtina məktubu və ya müqavilənin ləğv olunmasını təsdiqləyən sənəd yoxdur. Buna görə də şirkətin həqiqətən belə bir qərar verib-vermədiyi, müqavilənin hazırkı vəziyyəti və işlərin niyə başlanılmadığı barədə aydınlıq gətirilməsini tələb edirik. Əgər şirkət həqiqətən yol çəkilişindən imtina edibsə, bunun səbəbləri nədir? Tender hansı şərtlərlə keçirilib? Müqavilə bağlanarkən tikintinin dəyəri və icra müddəti necə müəyyənləşdirilib? Şirkət öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmirsə, İcra Hakimiyyəti hansı tədbirləri görüb?
Ən başlıcası, bütün bu məsələlər baş verərkən niyə vətəndaşlar yenə də məlumatsız vəziyyətdə saxlanılır və problemin həlli üçün konkret addımlar atılmır? Məsələ ilə bağlı sakinlərə verilən digər şifahi məlumat da ciddi suallar doğurur. İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrindən biri vətəndaşlara şirkətlə müvafiq müqavilənin imzalandığını, işlərin dekabrın 31-dək təhvil verilməli olduğunu və şirkətə guya 30 min manat vəsait köçürüldüyünü bildirib. Bir daha vurğulayırıq ki, bu məlumatlar vətəndaşlara şifahi şəkildə verilib. Sakinlər həmin ödənişi təsdiqləyən maliyyə sənədlərinə malik deyillər. Məhz buna görə də aidiyyəti qurumlar səsləndirilən məlumatları rəsmi qaydada dəqiqləşdirməli və ictimaiyyətə aydın cavab verməlidirlər. Əgər müqavilə bağlanıbsa, icra müddəti müəyyən edilibsə və vəsaitin köçürüldüyü bildirilirsə, bəs niyə indiyədək yol çəkilişinə başlanılmayıb? Şirkət müqavilə öhdəliklərini yerinə yetirmirsə, niyə qanunvericiliyə və müqavilə şərtlərinə uyğun tədbirlər görülmür? Müqavilənin icrasına kim nəzarət edir və gecikməyə görə kim məsuliyyət daşıyır? İcra Hakimiyyəti bu suallara aydın cavab vermək əvəzinə, vətəndaşları növbəti izahlarla yola verməyə davam edəcəksə, yeddi ildir həll olunmayan problemin məsuliyyətini kim daşıyacaq? Məmur vətəndaşın problemini həll etməlidir, onu bəhanələr arasında qoymamalıdır!"
Onlar diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin məmurların xalqa xidmət etməli olması barədə vurğuladığı prinsip dövlət idarəçiliyinin əsas tələblərindəndir:
"Lakin Şiləvəngə sakinlərinin illərdir yaşadığı vəziyyət bu prinsipin yerli səviyyədə nə dərəcədə həyata keçirildiyi barədə ciddi suallar yaradır. Məmurun vəzifəsi yalnız vətəndaşı qəbul etmək, ona vəd vermək və ya problemin həllini başqa səbəblərlə izah etmək deyil. Əsl məsuliyyət problemi həll etmək, verilən sözə əməl etmək və ictimaiyyət qarşısında şəffaf olmaqdır. Yeddi il ərzində kənd yolunun tam asfaltlaşdırılmaması, vədlərin nəticəsiz qalması və sakinlərin eyni problemlə təkrar-təkrar üzləşməsi qəbuledilməzdir. Vətəndaşların səbrini sonsuz hesab etmək, onların gündəlik çətinliklərini görməzdən gəlmək dövlətə və xalqa xidmət anlayışı ilə uzlaşmır.
Mərhum Prezident Heydər Əliyevin dövlət məmurlarının xalqa xidmət məsuliyyətini xatırladan fikirləri də bu gün aktuallığını qoruyur: “Vəzifə insana səlahiyyətdən başqa heç bir şey vermir, amma bu səlahiyyət xalqa xidmətə yönələndə daha şərəfli olur”. Təəssüf ki, Şiləvəngə sakinlərinin qarşılaşdığı mənzərə bu məsuliyyətin əməli işlə təsdiqlənmədiyini göstərir. Nəhayət, Yardımlı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə sualımız birdir: Şiləvəngə sakinləri daha neçə il gözləməlidir ki, yeddi il əvvəl başlanmış, lakin yarımçıq qalmış yol nəhayət başa çatdırılsın?"
Mövzu ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İcra başçısının müavini Miramil Səmədov Redaktor.az-a bildirdi ki, sözügedən yolun tikintisi onların səlahiyyətlərinə aid deyil və məsələ ilə bağlı AAYDA-ya müraciət edilməlidir:
"Bu məsələ bizim qurumun səlahiyyətində deyil. Rayon İcra Hakimiyyəti rayondaxili yollara baxır, kəndlərdəki yol tikintisi isə bizim səlahiyyətlərimizə aid deyil. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayın”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də Redaktor.az-a bildirildi ki, sözügedən yol qurumun balansında deyil. Agentlikdən məsələnin həlli üçün Rayon İcra Hakimiyyətinə müraciət etməyin zəruri olduğu qeyd edildi:
“Məsələ Agentliyin balansında deyil. Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq lazımdır”.
NURİYYƏ














