Ermənistan Azərbaycan xalqından üzr istəməlidir - Deputat
“Mətbuatda və sosial şəbəkələrdə ayrı-ayrı vətəndaşların yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi və suyun təmizliyi ilə bağlı qaldırdıqları məsələlərə rast gəlirik. Ən əsası isə hökumət bu məsələlərə operativ reaksiya verir. Vətəndaşların bu istiqamətdə qaldırdıqları problemlər dövlətə kömək edir ki, mövcud vəziyyət ictimaiyyətə daha aydın şəkildə çatdırılsın”.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə bildirdi.
Millət vəkili diqqətə çatdırdı ki, Vətən müharibəsindən sonra, 44 günlük müharibənin başa çatması ilə işğaldan azad olunmuş ərazilərdə geniş monitorinqlər aparılıb:
“Əvvəlcədən də məlum idi ki, Ermənistan işğal altında saxladığı ərazilərin təbii sərvətlərini talan edib, meşələri qırıb, su hövzələrini çirkləndirib. Hətta on minlərlə hektar ərazidə su mənbələrinin ağır metallarla və çirkli tullantılarla çirkləndirilməsi nəticəsində Azərbaycana qarşı məqsədyönlü ekoloji terror həyata keçirilib. Torpaqlar işğaldan azad edildikdən sonra həmin ərazilərdəki ekoloji fəsadlar daha aydın göründü. Meşələr qırılmış, sular çirkləndirilmiş, heyvanat aləminə ciddi ziyan dəymişdi. Hazırda həmin ərazilərdə bərpa işləri aparılır və bu proseslə bağlı cəmiyyətə mütəmadi məlumat verilir.
Prezidentin köməkçisi Hikmət Hacıyevin səsləndirmək istədiyi fikirlər Ermənistanın əməllərinə bir növ cavab və həmin ölkəyə ünvanlanan ciddi mesajdır. Ermənistan törətdiyi əməllərə, törətdiyi dağıntılara və vurduğu ziyana görə Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan bilməlidir ki, onun beynəlxalq öhdəlikləri var və bu öhdəliklərə əməl etməsi vacibdir”.
NURİYYƏ












