“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” - Deputat
“Miqrasiya xaricdə yaşayan soydaşlarımızın gözündə o qədər də qorxulu görünməməlidir. Çünki miqrasiya məsələsi xaricdə yaşayan soydaşlarımız üçün hər hansı bir ölkənin miqrasiya qanunlarının nə dərəcədə sərt olması ilə bağlı göstərici deyil. Xüsusilə, ölkəmizin miqrasiya siyasəti xaricdə yaşayan soydaşlarımıza da təsir göstərir. Vətəndaşlıq məsələsində soydaşlarımız üçün yenidən açıq qapı siyasətinin tətbiq olunması müsbət tendensiyadır”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu miqrasiya siyasəti və xaricdə yaşayan soydaşlarımızla bağlı məsələlərdən danışarkən bildirdi.
O vurğuladı ki, xaricdə yaşayan soydaşlarımızla yanaşı, ölkəmizdə demoqrafik baxımdan da mühüm proseslər gedir:
“2026-cı ildə bu məsələdən danışarkən Azərbaycan vətəndaşlarının köçünü də nəzərə almalıyıq. Miqrasiya kontekstində soydaşlarımızın tarixi torpaqlarına qayıtması, doğma yurdlarına köç etməsi həm statistik göstərici, həm də tarixi əhəmiyyət daşıyan prosesdir. Bu, Azərbaycan xalqının tarixi, milli və mədəni yaddaşının qorunması deməkdir. Eyni zamanda, Qarabağda milli kimliyin, dilin və mədəniyyətin yenidən dirçəldilməsi üçün imkanlar yaradır.
Əsas məsələ budur ki, bu gün Azərbaycanda demoqrafik proseslər və köç davam edir. Biz 44 günlük müharibədən danışarkən həmin dövrdə nümayiş etdirdiyimiz milli birliyi, yumruq kimi birləşməyimizi xatırlayırıq. Mənə elə gəlir ki, mədəniyyət yalnız mədəni hadisə deyil, həm də ədəbiyyat hadisəsidir. Hər hansı bir xalqın mentalitetini, davranışlarını və dünyagörüşünü öyrənmək üçün ilk növbədə onun ədəbiyyatına nəzər salmaq lazımdır. Azərbaycan ədəbiyyatında xalqımızın milli kimliyini və mənəvi dəyərlərini düzgün əks etdirən yazıçılar var. Onlardan biri də İlyas Əfəndiyevdir. Bu günlərdə onun anım günüdür”.
NURİYYƏ












