Azərbaycan dövləti heç kimə ölkənin daxili işlərinə qarışmağa imkan verməyəcək - ŞƏRH

 16:04 27.10.2026     239

Prezident İlham Əliyev oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə qarşı qətiyyətli mövqe nümayiş etdiriləcəyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan digər ölkələrin daxili işlərinə qarışmır və eyni münasibəti özünə qarşı da gözləyir.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan deputat Elşad Musayev bildirdi ki, Azərbaycan liderinin çıxışı son dövrlərdə baş verən hadisələrlə bağlıdır:

"Ümumiyyətlə, 44 günlük müharibədən sonra Azərbaycana qarşı qərəzli hücumlar oldu. Zəfər müharibəsində qalib gəldikdən sonra mövqeyimiz daha da gücləndi. Bu isə təbii ki, Azərbaycanın güclənməsini istəməyən xarici qüvvələrin maraqlarına uyğun deyildi. Belə qüvvələr çoxdur. Həmin mərhələdə Azərbaycana qarşı təzyiq siyasəti həyata keçirildi. Biz bunun qarşısını aldıq".

Deputat diqqətə çatdırdı ki, baş verənlər Azərbaycanda Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə də bağlıdır:

"Həmin qərarda məktəblərdə dünyəvi təhsil prinsipinə uyğun olaraq məktəbli formasından istifadə nəzərdə tutulur. Bu qərarı bəhanə edən bir sıra xarici qüvvələr Azərbaycana qarşı yeni kampaniyaya başladılar. Təəssüf ki, gözləmədiyimiz bir yerdən – Türkiyədən də bəzi şəxslər bu kampaniyaya qoşuldular. Bu cür yanaşmalar bizim tərəfimizdən daxili işlərimizə müdaxilə kimi qiymətləndirildi. Eyni zamanda, İran tərəfindən də belə açıqlamalar səsləndirildi. Məsələn, oradan bir nazir çıxıb Azərbaycan qızlarını ölkəsinə dəvət etdiyini bildirir. Biz bu cür dəvətlərin hansı nəticələrə gətirib çıxara biləcəyini bilirik. Azərbaycanda məktəblərdə və digər yerlərdə dini təhsil almağa ehtiyac yoxdur.

İranda azərbaycanlılar yaşayır. İlk növbədə, onların hüquqlarını qoruyun. Orada 40 milyondan çox azərbaycanlı var və onların hüquqları təmin edilməlidir. Əvvəlcə onların hüquqlarının müdafiəsinə diqqət yetirilməlidir. Bu cür açıqlamalar verən müxtəlif şəxslər oldu. Türkiyənin rəsmi dairələrindən də, həmçinin prezidentin müşaviri tərəfindən də müəyyən bir çıxış səsləndirildi. Bu da təəssüf ki, bizdə narazılıq doğurdu. Yaxşı ki, sonradan həmin məsələ gündəmdən çıxarıldı. Bütün bunlar onu göstərir ki, ayrı-ayrı ölkələr Azərbaycana təkcə məktəbli forması məsələsində deyil, ümumilikdə regiondakı münasibətlər və digər məsələlərlə bağlı da dəfələrlə müdaxilə etməyə çalışıblar. Biz isə buna qarşı müqavimət göstərmiş, etirazımızı bildirmişik. Prezident son çıxışında bir daha hər kəsə xəbərdarlıq etdi ki, Azərbaycan dövləti heç kimə ölkənin daxili işlərinə qarışmağa imkan verməyəcək".

Millət vəkilinin sözlərinə görə, sevindirici haldır ki, bu məsələdə Azərbaycandakı siyasi qüvvələrin böyük əksəriyyətinin mövqeyi hakimiyyətin mövqeyi ilə üst-üstə düşüb:

"Digər dövlət qurumlarının, medianın və bütövlükdə cəmiyyətin böyük hissəsinin mövqeyi də eyni istiqamətdə oldu. Açıq desək, bu məsələdə Azərbaycana qarşı ciddi təhlükə və təhdid mövcuddur. Həmin təhlükə və təhdidlərə qarşı mübarizə aparmaq üçün vahid mövqedən çıxış etməliyik".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən