Bakıdan dünyaya mədəniyyət mesajı - Akademik və Xalq artistindən mühüm fikirlər

 18:00 29.10.2026     70

Azərbaycanın zəngin dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyəti ölkənin milli kimliyinin qorunması, eləcə də gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Milli-mənəvi dəyərlərin beynəlxalq səviyyədə təbliği, müxtəlif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi də bu istiqamətdə xüsusi yer tutur. Azərbaycanın ev sahibliyi etdiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin mədəniyyətlərarası əməkdaşlığa verdiyi önəmin növbəti göstəricisidir. Bəs belə beynəlxalq platformalar Azərbaycan mədəniyyətinin tanıdılması və milli dəyərlərimizin gələcək nəsillərə çatdırılması baxımından hansı əhəmiyyətə malikdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında akademik Nizami Cəfərov bildirdi ki, Azərbaycanda artıq uzun illərdir dünya mədəniyyətinin müxtəlif istiqamətləri arasında dialoqların təşkil olunması sahəsində böyük təcrübə formalaşıb.

Onun sözlərinə görə, əvvəllər bu dialoq xüsusilə Şərq və Qərb mədəniyyətləri arasında dialoq şəklində təzahür edirdi:

"Amma son illərdə məşhur bir ifadə var idi: “Şərq Şərqdir, Qərb də Qərbdir”. İndi bu yanaşmalar dəyişib. Hazırda həm Şərq, həm də Qərb çox zəngin, çoxşaxəli və müxtəlif istiqamətləri əhatə edən mədəniyyət məkanları hesab olunur. Dünya mədəniyyətini sadəcə iki qütbə ayırmaqla onun məzmununu bütün təfərrüatları ilə anlamaq mümkün deyil. Ona görə də son zamanlar mədəniyyətlərarası dialoq formasına daha çox üstünlük verilir. Əslində, dünyada elə bir coğrafiya yoxdur ki, ona hansısa mənada mədəniyyətdən kənar məkan kimi baxaq.

Bu məsələnin məntiqi də bundan ibarətdir. Azərbaycanın mədəniyyətlərarası dialoqlara, belə demək mümkündürsə, münsiflik etmək hüququ var. Çünki Azərbaycanda bütün mədəniyyətlərə, dinlərə, konfessiyalara və yaradıcılıq cərəyanlarına münasibətdə, istər bir millətə, istərsə də konkret bir şəxsə aid olsun, hər zaman tolerant, məsuliyyətli və dəyərləndirici yanaşma mövcud olub. Bu gün Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yeddincisi keçirilir. Azərbaycan bu forumlara böyük uğurla ev sahibliyi edir. Prezident İlham Əliyev başda olmaqla, ölkəmizin rəhbərliyi forumla bağlı fikirlərini, ümumilikdə, dünya mədəniyyətlərarası dialoquna dair mülahizələrini ortaya qoyur. Bu çərçivədə çox ciddi fikirlər və mövqelər səsləndirilir”.

Nizami Cəfərov hesab edir ki, mədəniyyətlərarası dialoqun təşviqi təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın inkişafına töhfə verir. Akademik hesab edir ki, bəşəriyyətin qarşılaşdığı problemlərin həllində mədəniyyətin rolu əvəzsizdir:

“Çünki məlum bir həqiqət var: dünyanı və insanı xilas edəcək yeganə amil mədəniyyətdir. Əgər başqa alternativlər ortaya çıxırsa, onların müharibələrə, dağıntılara və qarşısıalınmaz təcavüzlərə gətirib çıxardığını görürük. Allaha şükür ki, Azərbaycan bundan uzaqdır. Ölkəmiz elə bir dövlət kimi inkişaf edir, xalqımız isə dünyada getdikcə daha çox tanınır. Nizami Gəncəvidən Hüseyn Cavidə qədər böyük dahilərimizin əsərlərində ifadə olunan əsas fikirlərdən biri də budur: dünyanı mədəniyyət xilas edəcək.

Hətta Məhəmməd Hadinin də ifadə etdiyi kimi, mədəniyyət adı altında inkişaf etmiş ölkələrin özündə belə müəyyən təcavüzkarlıq halları meydana çıxanda günah mədəniyyətdə deyil. Günah həmin mədəniyyətə layiqincə xidmət etməyən cəmiyyətdədir. Düşünürəm ki, mədəniyyətlərarası dialoqların gəldiyi əsas nəticələr də məhz bunlardan ibarətdir”.

Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova da Redaktor.az-a açıqlamasında Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirdi. O, forum çərçivəsində qadınların və qızların təhsili, cəmiyyətdə iştirakı və bərabər imkanlarla bağlı müzakirələrin diqqətini çəkdiyini qeyd etdi:

“28 oktyabr tarixində keçirilən Forum çərçivəsində “Bilik, Səs və Liderlik: Ortaq Gələcək Naminə Müxtəlif Mədəniyyətlərdə Qadınların və Qızların Gücləndirilməsi” adlı dialoqda müxtəlif ölkələrdən gəlmiş qadın ekspertlərin və beynəlxalq qonaqların çıxışlarını böyük maraqla dinlədim. Afrikadan Anais Roxanne Dagrou, BMT nümayəndələri Alice Shackelford və Elisa Fernandez Saenz, eləcə də Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanovanın çıxışları diqqətimi çəkdi. Qadınların və qızların təhsili, cəmiyyətdə fəal iştirakı və onlar üçün bərabər imkanların yaradılması ilə bağlı səsləndirilən fikirlər mənim üçün də xüsusi əhəmiyyət daşıyır, çünki təhsil gələcəyimizin təməli və inkişafın əsas şərtidir. Uşaqların düzgün tərbiyə olunması, keyfiyyətli təhsil alması və cəmiyyətə faydalı insanlar kimi yetişməsi hər birimizin məsuliyyətidir”.

Xalq artisti belə beynəlxalq tədbirlərin Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni nümayiş etdirdiyini vurğuladı. Onun sözlərinə görə, müxtəlif xalqların mədəniyyətinə və inanclarına hörmətlə yanaşmaq, eyni zamanda, milli dəyərlərin qorunmasına diqqət yetirmək vacibdir.

“Təəssüf ki, bəzi ölkələrdə başqa xalqların mədəniyyətlərinə, dinlərinə və inanclarına lazımi hörmət göstərilmir. Azərbaycanda isə müxtəlif mədəniyyətlərə, dinlərə və etiqadlara hörmət ənənəsi mövcuddur. Biz özümüz də başqa xalqların mədəniyyətinə hörmətlə yanaşırıq və eyni münasibəti öz milli dəyərlərimizə, mədəniyyətimizə və adət-ənənələrimizə qarşı gözləyirik. Məncə, bu, ölkəmizin ən gözəl xüsusiyyətlərindən biridir. Bakı Xoreoqrafiya Akademiyasında da bu prinsipləri gündəlik fəaliyyətimizdə yaşatmağa çalışırıq. Bizim üçün beynəlxalq əməkdaşlıq yalnız sənət mübadiləsi deyil, həm də xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və hörmətin möhkəmləndirilməsidir. Özbəkistandan, Türkiyədən, Qazaxıstandan və Avropa ölkələrindən mütəxəssislərin Azərbaycana gələrək ustad dərsləri keçməsinə, təcrübələrini tələbələrimizlə bölüşməsinə xüsusi önəm veririk. Eyni zamanda, istəyirik ki, Azərbaycan rəqsi də dünyanın müxtəlif ölkələrində tədris olunsun, xarici ölkələrin mədəniyyət proqramlarında milli rəqslərimizə daha geniş yer ayrılsın.

Bu məqsədlə müəllimlərimizi xarici ölkələrə göndərir, onların Azərbaycan rəqsi üzrə ustad dərsləri keçməsinə və milli rəqslərimizin təbliğinə şərait yaradırıq. Ansambllarımız beynəlxalq tədbirlərdə iştirak edir, milli dəyərlərimizi, adət-ənənələrimizi və zəngin mədəni irsimizi xarici auditoriyalara təqdim edirlər. Çünki Azərbaycan rəqsi xalqımızın tarixini, ruhunu və mənəvi dünyasını özündə yaşadır. İnanıram ki, bu cür forumlar və beynəlxalq təşəbbüslər xalqlar arasında münasibətlərin daha da möhkəmlənməsinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına və gələcək nəsillərin daha açıq fikirli, savadlı və tolerant yetişməsinə böyük töhfə verəcək. Azərbaycan zəngin tarixə, qədim ənənələrə və böyük mədəni irsə malik ölkədir. Bizim borcumuz bu irsi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir. Əminəm ki, mədəniyyətimiz bundan sonra da inkişaf edəcək, milli rəqsimiz və incəsənətimiz dünyanın müxtəlif ölkələrində tanınmağa davam edəcək”, - deyə Təranə Muradova fikrini yekunlaşdırdı.

NURİYYƏ

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

Vumart və Güvən reklamı Vumart Güvən