Zahid Orucdan yeni Ombudsmanla bağlı mühüm mesaj: “Vətəndaş real müdafiə görməlidir”

 10:51 30.10.2026     198

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İnsan hüquqları üzrə Müvəkkil vəzifəsinə üç namizədin Milli Məclisə təqdim edilməsi ölkəmizin hüquqi dövlət quruculuğunda mühüm institutlardan birinin fəaliyyətində yeni mərhələnin başlanması deməkdir.

24 illik tarixi, Ali Qanunla müəyyənləşdirilən təkmil hüquqi bazası, güclü institusional təməlləri, peşəkar mərkəzi aparatı, regional strukturları və beynəlxalq əlaqələri olan müstəqil hüquq müdafiə institutunun gələcək fəaliyyəti xalqımız üçün xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Ombudsman təsisatının yaranması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il 22 fevral tarixli Fərmanda və həmin ilin 18 iyununda təsdiq edilən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında belə bir institutun yaradılması nəzərdə tutulmuşdu. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında” Konstitusiya Qanunu qəbul edildi. 2002-ci il iyulun 2-də Elmira Süleymanova ölkəmizin ilk Ombudsmanı seçildi, oktyabrın 28-dən isə təsisat vətəndaşların müraciətlərinin qəbuluna başladı. Beləliklə, Konstitusiyanın insan hüquq və azadlıqlarının qorunmasına dair müddəaları yeni institusional təminat qazandı.

Məhz Ali Qanunla fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilən Ombudsman nə icra hakimiyyətinin tərkib hissəsidir, nə də məhkəməni əvəz edən orqandır. Onun əsas vəzifəsi dövlət orqanlarının, bələdiyyələrin və digər qanunla müəyyən edilmiş qurumların fəaliyyəti nəticəsində pozulan insan hüquqlarının bərpasına kömək etmək, pozuntuların qarşısını almaq və dövlət hakimiyyəti ilə vətəndaş arasında əlavə hüquqi müdafiə mexanizmi yaratmaqdır.

Ombudsman institutunun mühüm xüsusiyyətlərindən biri də onun Parlamentlə birbaşa fəaliyyəti, hüquqi və hesabat sahələri üzrə güclü əlaqələridir. Müvəkkil Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə, yeddi il müddətinə seçilir. Eyni şəxs Ombudsman vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Son yeddi il Azərbaycan Ombudsmanının fəaliyyətində tarixi mərhələdir. 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış və dövlət suverenliyinin tam bərpası uzun onilliklər ərzində məcburi köçkünlərin və qaçqınların hüquq və azadlıqlarından, işğalın yaratdığı sosial və digər humanitar çətinliklərdən bəhs edən dövrün başa çatdığını göstərən yeni mərhələdir. Qələbə və 2023-cü ildə suverenliyimizin tam bərpası nəticəsində dövlətimizin konstitusion yurisdiksiyası bütün ərazilərimizdə bərqərar oldu. İşğal reallığının aradan qalxması ən ali insan hüququ hadisəsidir, Ombudsman institutunun fəaliyyət coğrafiyasını və hüquqi vəzifələrini daha da genişləndirən fərqli reallıqdır.

Ərazi bütövlüyündən sonra yeni Ombudsmanın qarşısında fərqli tarixi vəzifələr dayanır. Gələcək Müvəkkil öz fəaliyyətinə insan hüquqları sahəsində qlobal çağırışların ciddi şəkildə dəyişdiyi bir dövrdə başlayır. Müharibələr, geosiyasi qarşıdurmalar, miqrasiya böhranları, informasiya savaşları, süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlər qarşısında yeni hüquqi və mənəvi məsuliyyət yaradır.

Artıq insan hüquqlarının pozulması fiziki zorakılıq, qanunsuz həbs və ya mülkiyyətə müdaxilə ilə məhdudlaşmır. Fərdi məlumatların qanunsuz istifadəsi, süni intellekt vasitəsilə saxta görüntülərin hazırlanması, rəqəmsal ayrı-seçkilik, insanların şəxsi həyatına müdaxilə və alqoritmik qərarların doğurduğu hüquqi nəticələr də ciddi təhlükələrə çevrilib. Prezident İlham Əliyevin 2026-cı il iyunun 17-də Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciətində texnoloji tərəqqinin insan amilinə xidmət etməsinin dövlət siyasətimizin əsas prinsiplərindən biri olduğu xüsusi vurğulanıb. Dövlət başçısının müəyyən etdiyi prioritetlər gələcək Müvəkkilin qarşısında da konkret vəzifələr qoyur.

Digər tərəfdən, biz insan hüquqları məsələsinin beynəlxalq münasibətlərdə siyasi təzyiq vasitəsinə və ya geosiyasi maraqların örtüyünə çevrildiyini Zəfərdən əvvəl və sonra yaxşı görürük. Ölkəmiz haqqında xaricdə səsləndirilən əsassız ittihamlara, selektiv yanaşmalara və insan hüquqları mövzusundan siyasi məqsədlərlə istifadəyə qarşı gələcək Ombudsmanın güclü mandatı var, beynəlxalq məkanda diplomatik təmsilçi kimi prinsipial mövqeyi daha da güclənəcək. Eyni zamanda, obyektiv və əsaslı iradların araşdırılması, aşkar edilən hüquq pozuntularının aradan qaldırılması da prinsipiallığın ayrılmaz hissəsidir. İnsan hüquqlarının müdafiəsində ən güclü mövqe həqiqətə söykənən və öz daxilində də eyni prinsipləri tətbiq edən dövlətin mövqeyidir.

Prezident İlham Əliyevin müəyyən etdiyi dövlətçilik, suverenlik, insanların rifahı və müasir idarəetmə prioritetləri şəraitində Müvəkkil daha təşəbbüskar, beynəlxalq platformalarda fəal, dövlət orqanlarına münasibətdə isə daha tələbkar olmalıdır. Ombudsman beynəlxalq təşkilatlara cavab verən tərəf kimi çıxış etməklə bərabər, özü də qlobal insan hüquqları gündəliyinə mövzular təqdim edən, digər milli insan hüquqları institutları ilə birgə təşəbbüslər irəli sürən təsisatdır. Müvəkkil dövlətimizin beynəlxalq nüfuzunu peşəkar hüquqi fəaliyyəti ilə möhkəmləndirən və vətəndaşlarımızın hüquqlarının müdafiəsində prinsipial mövqe tutan mühüm statusdur.

Gələcək yeddi il ərzində fəaliyyət göstərəcək Ombudsmanı seçərkən artıq formalaşmış təsisatı yeni şəraitə uyğun inkişaf etdirmək məsuliyyətini də bölüşürük. İndi qarşıda duran əsas vəzifə qalib vətəndaşlarımızın konstitusion hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət etməkdir.

Gələcək Müvəkkildən gözləntimiz peşəkarlıq, müstəqillik, obyektivlik və prinsipiallıqdır. O, dövlət orqanları ilə əməkdaşlığını daha da gücləndirməli, lakin onların fəaliyyətindəki nöqsanları göstərməkdən çəkinməməlidir. Vətəndaş Ombudsmana müraciət etdikdə hüququnun bərpası üçün real hüquqi müdafiə mexanizmi görməlidir.

Ombudsman institutunun gücü vətəndaşın hüququ pozulduqda nə qədər prinsipial mövqe tutması ilə ölçülür.

Qarşıdakı yeddiillik dövrün Müvəkkil institutu tarixində yeni yanaşmalar və tələblərlə yadda qalacağını hər birimiz qəbul edir, fərqli meyarları ilə seçiləcəyinə inanırıq. Yeni Ombudsman həm formalaşan ənənələrin davamçısı, həm də qalib Azərbaycanın insan hüquqları siyasətində yeni hədəflərə çatılmasının təşəbbüskarı olacaqdır.

Zahid ORUC,

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

Vumart və Güvən reklamı Vumart Güvən